Mən mülkiyyətimdə olan qeyri-yaşayış (çıxarışlı) obyektini icarəyə vermək istəyirəm. İcarəçinin və mənim VÖEN-miz var, lakin mənim VÖEN-im bağlıdır. Əmlak vergisini bələdiyyəyə illik ödəyirəm. Biz icarəçi ilə müqavilə bağlasaq və o, obyektin bütün ödənişlərini, rüsumlarını ödəməyi öz üzərinə götürsə (yəni ödəsə), mənim vergiyə hər hansı bir ödəniş etmək öhdəliyim yaranır, ya yox?
Qeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun qaydada Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsinin 150.1.6-cı maddəsində bildirilib ki, 124-cü, 125-ci və ya 126-cı maddələrdə nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından ödəmə mənbəyində vergi tutulmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.
Sorğuda qeyd olunan halda, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Bu zaman qarşı tərəfin hər hansı vergi ödənişi etmək və ya hesabat təqdim etmək öhdəliyi yaranmır.
Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 124-cü,150.1.6-cı maddələri














