2021-ci il noyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 766 min 593 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 226 min 671 say çoxdur.
Eləcə də bax: Azərbaycanda muzdlu işçilərin sayı artıb, ortaaylıq əməkhaqqı - 725 MANATI KEÇİB
FED.az bu barədə Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
"Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və bu, gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir".
2021-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 115,9 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb, daxilolmalar üzrə proqnoz 292,1 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 1 milyard 986,9 milyon manat təşkil edib, proqnoz 113,2 faiz icra olunub.