Azərbaycan sahibkarları pandemiya dövründə yaranan çətinliklərin aradan qaldırılması üçün dövlətdən sosial vergi güzəştləri istəyirlər.
Eləcə də bax: Vergi güzəşti olan sahələr üzrə yeni bəyannamə formaları - AÇIQLAMA
FED.az xəbər verir ki, son dövrlər biznes aktivliyin və gəlirlərin azalması, müştəri alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda, iş adamları paralel olaraq maaş tələbinin artması ilə üzləşirlər.
Belə vəziyyətdə yerli biznes hökumətdən bir sıra əlavə güzəştlər istəməyə başlayıb ki, hazırda bunlardan biri sosial verginin azaldılmasıdır.
Dövlət Sosial Müdafiə Fonduna ödəmələrin ümumi məbləği maaşın 25%-i həcmindədir. Bu rəqəmin işçi və işəgötürən arasında bölünməsi formal xarakter daşıyır. Məsələ ondadır ki, realdıqda istənilən halda bu vəsait işəgötürən tərəfindən ödənilir. Nəticədə indi iş adamları bu rəqəmin endirilməsini istəyirlər.
Sosial verginqin aşağı salınması ilə bağlı təklif bir neçə gün əvvəl iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun iştirakı ilə sahibkarlarla görüşdə səslənib. FED.az-ın məlumatına görə, görüşdə sahibkarlar hökumətdən vergi və sosial sığorta ödənişləri üzrə güzəştlər istəyiblər.
Bundan başqa, iş adamları əlavə maliyyə dəstəyi, biznes kreditlərin alınması, ƏDV və mənfəət vergisinin dərəcəsinin azaldılmasını təklif ediblər.
Eləcə də xaricdə yük daşımaları ilə məşğul olanlar da hökumətdən əlavə güzəştlər istəyiblər.
Hökumət nümayəndələri sahibkarlara xatırladıb ki, indiyədək pandemiyanın təsirlərini azaltmaq üçün sahibkarlara bəzi vergi güzəştləri edilib, amma bu təkliflərə baxılacağını da bildiriblər.
Yeri gəlmişkən, işçilərə görə ödənilən sosial vergilərin azaldılmasını hökumətdən Ticarət şəbəkələrinin rəhbərləri də istəyib. FED.az-ın məlumatına görə, ticarət mərkəzlərinin təmsilçiləri xüsusilə gənc işçilər üçün sosial verginin azaldılmasını istəyirlər ki, onlara daha yüksək əmək haqqı ödəməklə, daha keyfiyyətli kadrları işə cəlb edə bilsinlər.