İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları məqamların və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
“Optimal Elektronika”nın qiymətli kağızları BFB-də - DELİSİTİNQ EDİLİB
Xidmətdən FED.az-a verilən məlumata görə, növbəti görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı, DVX-nın aidiyyəti strukturlarının və investisiya şirkətlərinin təmsilçilərinin iştirakı ilə keçirilib. Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev qiymətli kağızlar bazarının inkişafı istiqamətində vergi qanunvericiliyində yer alan stimullaşdırıcı tədbirlər barədə məlumat verib, investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini təşviq edən alətlərin bu sahəyə təsiri barədə fikirlər səsləndirib.
Tədbirdə bu sahənin nümayəndələrinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində təkliflər, qanunvericilikdə mövcud olan vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular arasında sahənin vəziyyəti, rəqəmsal maliyyə aktivləri və onlar vasitəsilə aparılan əməliyyatlar, maliyyə bazarında investorların fəaliyyəti və bu istiqamətlərdə qanunvericiliyin tələbləri yer alıb.
Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, suallar cavablandırılıb. İştirakçıların təkliflərinin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.