Media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi gələcəkdə media subyetklərinin daha çevik və iqtisadi fəallığa uyğun biznes fəaliyyəti həyata keçirməsinə imkan verəcək.
Media subyektlərinin məhsullarının təqdim edilməsi - ƏDV-dən AZAD EDİLİR
FED.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında media subyektlərinə güzəştlərin tətbiqi il bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu güzəştlər eyni zamanda jurnalistikanın peşəkarlığının artırılmasına imkan verəcək.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən və əlavə dəyər vergisindən azad edilir.
Dəyişikliklər “Media haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. (Trend)