Hüquqi şəxslərə ödənilən faizlərdən daha ödəmə mənbəyində vergi tutulmayacaq.
Eləcə də bax: Gəlir vergisindən azadolmalar və güzəştlərin sayı - ARTIRILIR
Bu barədə FED.az-a mühasibatlıq üzrə ekspert Anar Bayramov Vergi Məcəlləsinə müzakirə edilən dəyişiklikləri şərh edərkən bildirib.
Xatırladaq ki, Vergi Məcəlləsinin bəzi maddələrinə əlavə və dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim edilib.
Ekspert yazır:
«Bu yenilik fiziki və hüquqi şəxslərin faiz gəlirləri ilə bağlı güzəşti nəzərdə tutur.
Belə ki, hazırda kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə kreditlər, depozitlər üzrə ödənilən faizlər istisna edilməklə, digər hallarda hüquqi şəxslərə kredit və depozitlər üzrə ödənilən fazilərdən ödənişi edən şəxsdən 10% dərəcə ilə ödəmə mənbəyində vergi tutulur.
Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən isə hüquqi şəxslərə kreditlər və depozitlər üzrə ödənilən bütün növ faizlərdən vergi tutulmayacaq.
Məsələn “A” Sığorta Şirkətinin “B” Bankında 100 000 manat məbləğində illik 12% dərəcəsi ilə depoziti vardır. Dövrün sonunda Bank “A” Sığorta şirkətinə 12 000 manat depozit üzrə faiz hesablayarkən cari vergi qanunvericiliyinə əsasən 1 200 manat ödəmə mənbəyində vergini tutub büdcəyə ödəyir, 10 800 manat xalis faiz gəlirini isə “A” Sığorta Şirkətinin hesabına köçürür.
Lakin qanun layihəsi qüvvəyə minərsə artıq yeni qanunvericiliyə əsasən bank 12 000 manat məbləğində faiz gəlirini tam olaraq “A” Sığorta Şirkətinin hesabına köçürəcəkdir.
Burada daha maraqlı məqam bu qanun qüvvəyə minərsə 01 yanvar 2022-ci il tarixdən edibarən tətbiq ediləcəkdir. Bu da o deməkdir ki, 2022-ci ilin 1-cü rübü üçün ödəmə mənbəyində vergiyə cəlb edilmiş faizlər üzrə büdcəyə ödənilmiş vergiləri, onu ödəyən şəxslər tərəfindən yenidən hesabat təqdim edərək büdcədən geri alacaqlar və faizlərin faktiki sahiblərinə geri qaytaracaqlar».