Sadələşdirilmiş vergi ödəyicisi olan rezident hüquqi şəxs xaricdən dividend gəliri əldə edərsə, bu zaman dividend gəlirinə görə satışdankənar gəlir kimi 2 faizlə vergi ödəyəcək, yoxsa həmin gəlir üçün mənfəət bəyannaməsi təqdim edəcək? Əgər 2 faizlə vergiyə cəlb olunacaqsa, Vergi Məcəlləsinin 127-ci maddəsindəki hüququndan istifadə edə bilərmi?
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Buna əsasən, yuxarıda göstərilən halda, rezident hüquqi şəxsə xaricdən ödənilən dividend gəlirləri onun satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb edilir. Əlavə olaraq qeyd olunub ki, rezident hüquqi şəxs tərəfindən Azərbaycan hüdudlarından kənarda əldə edilən dividend gəlirlərindən mənfəət vergisi ödənilərkən həmin gəlirlərdən xaricdə ödənilmiş vergi, Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq, nəzərə alınır.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü və 127-ci maddələri