Rəhbəri olduğum broyler şirkətinin fəaliyyəti toyuğun yetişdirilməsi və kəsilib satılmasından ibarətdir. Toyuq ətinin parçalara ayrılması zamanı qırıntı ətlər farş halına salınır və ona heç bir qatqı əlavə edilmir. Həmin məhsul dondurulur və paketlənib satılır. Bildiyimiz kimi, quş ətinin satışı ƏDV-dən azaddır. Farş məhsulunun da satışı ƏDV-dən azaddırmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Bu maddənin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.
Bununla yanaşı, ölkədə məhsul və xidmətlərin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növlərinin Təsnifatı” ilə tənzimlənir və “ət və konservləşdirilmiş ət məhsulları”, “ev quşlarının emal edilmiş və konservləşdirilmiş əti” və “ət məhsulları və ev quşlarının ətindən alınan məhsullar” Təsnifatın “C” seksiyasında emal sənayesi məhsulu kimi təsbit edilib.
Qeyd olunanlara əsasən, toyuq farşı emal əməliyyatlarına məruz qalan məhsul hesab olunduğundan, belə məhsulun satışı ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 164-cü maddəsi, Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli kollegiya qərarı ilə tənzimlənir.










