Riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Bəs bu meyarlar hansılardır? Niyə bəzi sahibkarlıq subyektləri riskli vergi ödəyicisi kimi tanıdılır?
Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir
FED.az xəbər verir ki, suallara “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq üzrə aparıcı mütəxəssisi Mircəfər Rzayev aydınlıq gətirir.
1) Vergi ödəyicisi riskli və əmtəəsiz əməliyyatlar apardıqda:
Misal 1: Vergi ödəyicisi digər vergi ödəyicisi ilə müqavilə imzalayir, lakin fiziki olaraq mal təqdim edilməsi baş vermir. Buna baxmayaraq, qarşı tərəfə 1.000 manatlıq elektron qaimə-faktura göndərir və qarşı tərəf mal almadığı təqdirdə, ona ödəniş edir. Bu hal aşkar edilərsə, həmin vergi ödəyicisi riskli hesab olunacaq.
2) Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbar) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə olunan malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim olunduğu hallar istisna edilməklə):
Misal 2: Vergi ödəyicisi digər vergi ödəyicisindən satış məqsədilə mallar alır, malların alışının rəsmiləşdirməsi Vergi Məcəslləsinin tələblərinə uyğun baş verir. Lakin mal alan vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçmiş obyekti yoxdur. Bu halda alış edən vergi ödəyicisi vergi orqanının qərarı ilə riskli vergi ödəyicisi hesab edilə bilər.
Misal 3: Vergi ödəyicisi xaricdən satış məqsədilə 300 ton armatur idxal edir (mallar digər vergi ödəyicisinin sifarişi əsasında idxal olunmur). İdxal edən vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçirdiyi anbarın sahəsi 20 kvadratmetr təşkil edir. Yəni fiziki olaraq idxal edilən armaturun qeydiyyatdan keçmiş anbara yerləşdirilməsi mümkün deyildir. Buna görə də vergi orqanının qərarı ilə həmin sahibkarlıq subyekti riskli vergi ödəyicisi hesab edilə bilər.
3) Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə;
4) Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən olunmuş müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna edilməklə) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda:
Misal 4: Vergi ödəyicisi elektrik avandalıqlarının topdanşatışı ilə məşğul olur, son 6 ay üzrə elektron qaimə-faktura ilə 15.000 manat, yük gömrük bəyannaməsi ilə 30.000 manatlıq mal alışı olub. Alışların hər biri Vergi Məcəlləsinin tələblərinə uyğun baş verib və vergi ödəyicisinin vergi orqanında qeydiyyata qoyduğu anbar sahəsi də malların həcmi ilə heç bir ziddiyyət təşkil etmir. 6 ay üzrə satışların həcmi 12.000 manat olub. Buna görə də həmin vergi ödəyicisi vergi orqanının qərarı ilə riskli vergi ödəyicisi hesab edilə bilər.
Yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; həmin meyarlar üzrə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər də riskli vergi ödəyicisi hesab olunurlar.
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir:
- vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə:
Misal 5: Vergi ödəyicisi ərzaq mallarının pərakəndə satışı ilə məşğuldur, lakin buna baxmayaraq, elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə çınqıl satışı həyata keçirib. Bu halda həmin sahibkarlıq subyekti riskli vergi ödəyicisi kimi tanına bilər.
- vergi ödəyicisinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim olunmuş mallara münasibətdə):
Misal 6: Yeni fəaliyyətə başlayan vergi ödəyicisi fəaliyyətə başladığı rüb üzrə satış məqsədilə 10 ədəd soyuducunu digər vergi ödəyicisindən elektron qaimə-faktura ilə alıb və müəssisənin basqa heç bir mal alışı olmayıb. Anbarında 10 ədəd soyuducu olmasına baxmayaraq, vergi ödəyicisi 12 ədəd soyuducu satışı həyata keçirib. Bu halda da əməliyyat riskli hesab olunacaq.
Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulub. Həmin məhdudlaşmalara aşağıdakılar aiddir:
- əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur;
- əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab olunmur;
- əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir;
- riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir;
- vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir;
- vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır;
- riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır;
- riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır. (Vergiler.az)