Xaricdə yerləşən bir şirkətlə konsultasiya xidməti vermək qarşılığında bank hesabıma hər ay dəyişən məbləğlərdə məvacib göndərilməsi barədə müqavilə bağlamışam. Bunun üçün VÖEN hesabı açdım, təyinat muzdlu iş olaraq seçilib. Yaşadığım rayonun vergi ödəyicilərinə xidmət mərkəzində verəcəyim aylıq verginin 5% olacağını bildirdilər. Ancaq Vergi Məcəlləsində bu barədə heç bir maddəyə rast gəlmədim. Öhdəliyimə düşən vergi miqdarı ilə bağlı ətraflı məlumat verə bilərsinizmi?
Fiziki şəxs olan təsisçiyə ödənilən dividenddən ödəmə mənbəyində - VERGİ TUTULMALIDIRMI?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd olunan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.
Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibarilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.