Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlərdən ibarətdir. Vergi Məcəlləsinin 99.2-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətindən gəlirlərə aşağıdakılar aiddir:
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;
- əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər;
- Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.
FED.az xəbər verir ki, qanunvericiliyin bu tələbinin fərdi sahibkarlara aid hissəsini Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev misallar əsasında şərh edir:
Misal: Tutaq ki, fərdi sahibkarın mallar təqdim edilməsindən gəlirləri 460.000 manat, işlər görülməsindən gəlirləri isə 100.000 manat olub. Şəxs özünə məxsus daşınmaz əmlakın vergi orqanında uçotda olan şəxsə icarəyə verilməsindən faktiki 12.040 manat bank əmanətindən isə 18.000 manat faiz gəliri əldə edib. Fərdi sahibkarın ödəməli olduğu və ondan ödəmə mənbəyində tutulmalı olan vergi məbləğini müəyyən edək:
Fərdi sahibkarın vergi öhdəlikləri müəyyən edilərkən, ilk növbədə, onun gəlirlərinin növlərini təyin etmək (məsələn, sahibkarlıq və qeyri-sahibkarlıq) və hansı halda vergitutma obyekti olduğuna nəzər salmaq lazımdır. Misalımızda sahibkarın mallar təqdim edilməsi və işlər görülməsi ilə bağlı gəlirləri onun sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirləri hesab olunur. Sahibkarlıq fəaliyyətindən gəlirlər isə bu gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxıldıqdan sonra 20% dərəcə ilə vergiyə cəlb olunur.
Fərz edək ki, fərdi sahibkarın sahibkarlıq fəaliyyətindən gəlirin əldə edilməsi ilə bağlı xərcləri 220.000 manat olub. Bu halda o, ümumi gəlirindən həmin xərclərini çıxmaqla vergi ödəməlidir:
460.000 + 100.000 = 560000 manat;
560.000 – 220.000 = 340000 manat;
340.000 x 20% = 68.000 manat.
Deməli, fərdi sahibkar sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən 68.000 manat vergi ödəməlidir.
Misalımızda göstərilən faiz və icarə gəlirləri isə şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər hesab olunur və ödəmə mənbəyində vergitutma obyektidir.
Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir, bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq, Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Məcəllənin 123.1-ci maddəsində isə göstərilib ki, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Qeyd edək ki, hesablama zamanı faiz və icarə gəlirindən ödəmə mənbəyində vergi tutulduğu üçün və məbləğlər fərdi sahibkara vergilər tutulduqdan sonra ödənildiyindən, ödəmə mənbəyində vergilər hesablanarkən gəlirin ümumi məbləği müəyyən olunmalıdır.
Faiz gəlirinin ümumi məbləğini müəyyən etmək üçün 18.000: 0,9= 20.000; icarə gəlirinin ümumi məbləğini müəyyən etmək üçün isə 12.040 : 0.86=14.000 qaydasından istifadə etməli olduq.
Misalda qeyd olunanlara əsasən, fərdi sahibkara faktiki 12.040 manat icarə haqqı ödəyən vergi ödəyicisi ondan ödəmə mənbəyində 1.960 manat məbləğində vergi tutmalı və büdcəyə ödəməlidir:
(12040 : 0,86) x 14% = 1960 manat.
Eyni zamanda, fərdi sahibkara 18.000 manat faktiki faiz məbləği ödəyən bank da həmin məbləğdən ödəmə mənbəyində 2.000 manat vergi tutmalı və büdcəyə ödəməlidir:
(18.000 : 0.9 ) x 10% = 2.000 manat.