Ezamiyyətdə olan işçilərə ezamiyyə məbləğlərinin ödənilməsi ilə bağlı bəzi məqamlar sual doğurur. Ezamiyyətdə olan işçi istirahət günləri işləsə, ona ezamiyyə haqqı necə ödənilməlidir? İşçi ezamiyyətdən qayıdan tarix istirahət günlərinə düşərsə, ona ezamiyyə haqqı necə hesablanmalıdır?
Bu şəxslərin işdən çıxarılması qadağandır
FED.az xəbər verir ki, suala sərbəst auditor Altay Cəfərov nümunələr üzərində aydınlıq gətirir.
Misal 1: “AA” MMC-nin işçisi respublika ərazisinə “VV” MMC-yə ezamiyyətə göndərilib. Hər iki təşkilatın iş rejimi 5 günlükdür. İşçi ezamiyyə məqsədləri üçün şənbə günü də işləyib.
Misal 2: “AA” MMC-nin işçisi respublika ərazisinə “VV” MMC-yə ezamiyyətə göndərilib. Ezamiyyətə getdiyi “VV” MMC-nin iş rejimi altıgünlükdür və işçi şənbə günü işləyib.
Misal 3: “AA” MMC-nin işçisi Türkiyə Respublikasında ezamiyyətdə olub. Ezam olunduğu təşkilatda da iş rejimi beşgünlükdür və işçi bazar günü işləyib.
Misal 4: “AA” MMC-nin işçisi ərəb ölkələrinin birində ezamiyyətdə olub və ezam olunduğu təşkilatda iş rejimi beşgünlükdür. İşçi bazar günü işləyib. Nəzərə alaq ki, ərəb ölkəsində beşinci gün istirahət günüdür. Və işçi beşinci günü istirahət edib, amma bazar günü işləyib.
Bu hallarda işçiyə ezamiyyə haqqı necə ödənilməlidir?
Göründüyü kimi hallar müxtəlifdir. Bütün bu suallara cavab tapmaq üçün əvvəlcə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə baxmalıyıq. Maddənin 1-ci hissəsində göstərilib ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsində isə qeyd olunub ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Maddədən də görünür ki, istirahət günlərində işləmiş işçilərə ən azı orta əməkhaqqının iki misli məbləğində ödənişlər hesablanmalıdır. Odur ki, ezamiyyəyə görə işçilərin iş yeri saxlanılır və onlara orta əməkhaqqı ödənilir. Belə olan halda da ezamiyyətdə olan işçi istirahət günü işləyərsə, ona ikiqat orta əməkhaqqı ödəniləcək və ya gün əvəzi veriləcək.
Bəs yuxarıdakı misallarda olan bütün hallarda işçiyə ikiqat məbləğ ödəniləcəkmi?
Bu suala cavab tapmaq üçün 18 yanvar 2012-ci il tarixli “İşçilərin ezamiyyə qaydaları”na baxmalıyıq.
Qaydaların 9-cu bəndində göstərilib ki, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır.
Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əməkhaqqı və ya əlavə istirahət günü (günləri) verilir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.
Qaydalardan göründüyü kimi, ezamiyyədə olan işçinin iş vaxtının rejimi və istirahət vaxtı kimi ezam olunduğu təşkilatın rejimi nəzərə alınır. Yəni, bizim misallarda işçi “AA” MMC-də işləyir, həmin şirkətin iş rejimi beş günlükdür.
Birinci misalda işçinin ezam olunduğu şirkətdə də iş rejimi beşgünlük olduğundan və real olaraq istirahət günü işlədiyindən ona ikiqat ödəniş aparılacaq və ya qayıdandan sonra gün əvəzi alacaq.
İkinci misalda işçinin ezam olunduğu təşkilatda iş rejimi altıgünlükdür və faktiki olaraq şənbə günü işləyib. Əvvəldə qeyd etdiyim kimi, ezamda olan işçiyə ezam olunduğu təşkilatın rejimi tətbiq edildiyindən və həmin təşkilatda şənbə günü iş günü sayıldığından ona ikiqat məbləğ ödənilməyəcək.
Üçüncü misalda olan hal birinci misalda olan hal ilə analoji olduğundan işçiyə ikiqat məbləğ ödəniləcək və ya gün əvəzi veriləcək.
Dördüncü misalda isə məsələ başqadır. Belə ki, bir çox ərəb ölkələrində cümə günü istirahət, bazar günü isə iş günüdür. Ezamiyyətdə olan işçi beşinci gün istirahət edib, amma bazar günü işləyib. Buna baxmayaraq işçi ərəb ölkəsində bazar günü işləmişdir ona ikiqat məbləğ ödənilməyəcək. Çünki ezamiyyətdə olan təşkilatda beşinci gün istirahət günüdür, işçi həmin gün işləməyib. Bazar günü isə iş günüdür və işçi bu günü işləyib. (Vergiler.az)