Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklər paketi hazırda Milli Məclisdə müzakirə olunur.
Eləcə də bax: Sahibkarları gözləyən vergi güzəştlərinin - MƏBLƏĞİ AÇIQLANDI
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” proqramında mövzu ilə bağlı sualları cavablandırıb.
- Əvəz müəllim, gəlin əvvəlcə builki dəyişikliklərin əsas istiqamətlərinə nəzərə salaq. Bu dəfə dəyişikliklərin hansı istiqamətlərdə edilməsi nəzərdə tutulub?
- 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə dəyişiklik layihəsi əsasən 5 istiqamətdə qruplaşdırılıb. Birinci istiqamət ölkədə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviq edilməsidir. Ləğv prosesində olan bankların sabit vergi xərclərinin azaldılmasını ikinci istiqamət kimi göstərə bilərik. Üçüncü istiqamət vergi inzibatçılığında bir sıra tənzimlənməyən məsələlərin tənzimlənməsini, eyni zamanda təkmilləşdirilməsini nəzərdə tutur. Dördüncü istiqamətin hədəfi əhalinin vergi və maliyyə yükünün sosial xarakterli güzəştlərlə azaldılmasıdır. Beşinci istiqamət isə ölkənin beynəlxalq reytinqinin artırılması və qorunması kimi dəyişiklikləri əhatə edir.
- Ölkə başçısının məlum sərəncamından irəli gələrək işğaldan azad olunmuş ərazilərimizdə investisiya qoyuluşlarını təşviq etmək və orada fəaliyyət göstərəcək sahibkarlara müəyyən vergi güzəştləri tətbiq etməklə bağlı Vergi Məcəlləsində dəyişikliklər gözlənilir. Həmin müəddəlara aydınlıq gətirməyinizi xahiş edirik.
- Prezidentin “İşğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın surətlənməsinə dair” fərmanı ilə qarşıya bir sıra tapşırıqlar qoyulub. Əsas vəzifələr ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə istehsal və emal, eyni zamanda xidmət infrastrukturunun yaradılması və bu sahədə iqtisadi və əmək resusrlarının səmərəli istifadə olunması üçün əlverişli şərait yaradılsın, o cümlədən istehsal fəaliyyətini həyata keçirəcək vergi ödəyiciləri üçün idxal olunacaq xammal və materialların idxalına vergi və gömrük güzəştləri müəyyən edilsin. Vergi Məcəlləsinə dəyişiklik layihəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub. Bunlarla yanaşı, fərmanla verilən tapşırığa uyğun olaraq Vergi Məcəlləsinə dəyişiklik layihəsinə həmin ərazilərdə istehsal fəaiyyəti ilə məşğul olan və ƏDV ödəyicisi kimi qeydiyyata düşən vergi ödəyiciləri tərəfindən istehsal fəaliyyəti məqsədləri üçün idxal olunacaq xammal və materialların idxalının ƏDV-dən azad olunması kimi təkliflər də daxil edilib. Həmin istehsal sahələrinin əhatə dairəsi siyahı üzrə təsdiq olunacaq.
Vergi Məcəlləsinə dəyişiklik layihəsində işğaldan azad olunmuş ərazilərdə
fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın
1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri,
eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub.
- Vergi siyasətinin perspektiv istiqamətlərində idxalı əvəzləyən yerli istehsalın vergi təşviqi ilə dəstəklənməsi nəzərdə tutulur. Dəyişikliklərdə bu dəstk özünü hansı formada biruzə verəcək?
- Burada da ölkənin apardığı sosial-iqtisadi siyasətə və bununla bağlı verilən fərmana uyğun olaraq aqrar sahənin inkişafının sürətlənməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub. Bunlardan başlıcası ölkədə idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyən olunması, həmin məhsulların maya dəyərinin aşağı salınması məqsədilə maya dəyərini təşkil edən xərc elementlərinin optimallaşdırılması, eyni zamanda aqrar sahədə qiymət əlçatanlığını təmin etmək üçün aqrar emal müəsisələrinə vergi təşviqlərinin verilməsidir.
- Dəyişikliklər paketində biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı konkret hansı addımların atılması hədəflənir?
- Yuxarıda qeyd etdiyimiz məsələləri investisiya mühitinin yaxılaşdırılması məsələrinə də aid edə bilərik. Əlavə olaraq, bu gün sahibkarların istehsal sahələri qurmaq üçün çəkdikləri kapital xarakterli xərclərin daha çox hissəsini əsas vəsaitlərin alınması və ya ölkəyə idxalı kimi maliyyə tutumlu investisiyalar təşkil edir. Buna görə də gələn ildən Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq siyahıda müəyyən olunacaq kateqoriya üzrə əsas vəsaitlərin idxalının ƏDV-dən azad olunması nəzərdə tutulur. Nəticədə istehsalçılarımız istehsal sahələrinin qurulması ilə bağlı idxal etdikləri əsas vəsaitlərə görə maliyyə vəsaitlərinə qənaet etmiş olacaqlar.
- İndiyədək Vergi Məcəlləsinə dəyişikliklərdə sosial xarakterli güzəştlər xüsusi yer tutub. Bu dəfə vətəndaşlar vergi yükünün azalmasını hansı formada və nədə hiss edəcəklər?
- Tamamilə doğru qeyd etdiniz. Ötən il Vergi Məcəlləsinə dəyişiklik edilərkən şəhid ailələri ilə bağlı müəyyən güzəştlər oldu, banklar tərəfindən şəhid ailələrinin borcları silindi. Eyni zamanda, bu prosesdə bankların da maliyyə-vergi yükü azaldıldı. Növbəti ildən isə layihədə şəhid ailələrinə xüsusi yanaşma nəzərdə tutulub. Onların övladları, valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən tam şəkildə azad olunur. Qüvvədə olan qanunvericiliyə görə 1990-cı il 20 Yanvar hadisələri zamanı SSRİ qoşunlarının müdaxiləsi nəticəsində şəhid olan şəxslərin valideynləri və həyat yoldaşları üçün 100 manatlıq vergidən azadolma güzəşti verilir. Gələn ildən həmin güzəşti əldə edən şəxslərin dairəsinə onların övladları da aid ediləcəkdir. Bununla da 20 Yanvar hadislərində həlak olan şəxslərin övladlarının da muzdlu işdən əldə etdikləri gəlirlərin vergi tutulan hissəsi 100 manat azaldılacaq.
Hazırda nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya geri qaytarılan
15%-lik hissəsi gələn ildən 17,5%-ə qaldırılır. Nağd əməliyyatlar üzrə
istehlakçılara qaytarılan 10%-lik ƏDV hissəsi isə 5%-ə endirilir.
2019-cu ildən “ƏDV geri al” layihəsi tətbiq olunur. Həmin layihənin tətbiqi nəticəsində qarşıya qoyulan hədəflər özünü doğruldur. Layihənin mahiyyəti ondan ibarətdir ki, pərakəndə ticarət, ictimai iaşə, tibbi xidmət sahələrində əhalinin aldığı mallara, iş və xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i istehlakçılara geri qaytarılır. Növbəti ildən nağdsız ödənişlərin stimullaşdırılmasının davamı olaraq həmin faiz nisbətlərində dəyişiklik edilməsi nəzərdə tutulur. Hazırda nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya geri qaytarılan 15%-lik hissəsi gələn ildən 17,5%-ə qaldırılır. Nağd əməliyyatlar üzrə istehlakçılara qaytarılan 10%-lik ƏDV hissəsi isə 5%-ə endirilir.
Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəştlərin müddətinin artırılması nəzərdə tutulur. 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtombillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu. Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, eyni zamanda “yaşıl artım ölkəsi” prinsipi nəzərə alınmaqla həmin güzəştin müddətinin daha 1 il uzadılması gözlənilir.