ƏMAS altsistemində işəgötürən və işçi arasında əmək müqaviləsinə dəyişiklik olduqda bütün hallarda elektron əmək müqaviləsinin imzalanması həyata keçirilir.
Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək
FED.az xəbər verir ki, müqavilənin qüvvəyə minməsi ilə bağlı halları iqtisadçı, ekspert Anar Bayramov şərh edir.
Əmək Məcəlləsinin 46-cı maddəsinin altıncı hissəsinə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Bu səbəbdən də əmək müqavilələrinə dəyişiklik olduqda yenidən onlayn əmək müqaviləsi tərtib edilir. Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd edilir ki, əmək müqaviləsinə dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Əmək Məcəlləsinin 1 saylı əlavəsində əmək müqaviləsinə dəyişikliyin hüquqi qüvvəyə minməsi üçün iki variant təklif edilir. Belə ki, əmək müqaviləsinin nümunəvi formasının 8.3-cü bəndində qeyd edilir ki, tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr imzalandığı tarixdən və ya ____ gündən gec olmayaraq qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.
Bənddən göründüyü kimi, əmək müqaviləsinə dəyişikliklərin hüquqi qüvvəyə minməsi üçün 2 variant var:
- dəyişikliklər və əlavələr imzalandığı tarixdən və ya
- _____ gündən gec olmayaraq.
İkinci variant o halda mümkündür ki, işçi və işəgötürən arasında bağlanan əmək müqaviləsində tutaq ki, 2 sentyabr 2024-cü il tarixdə dəyişiklik edilsə də sənədin hüquqi qüvvəyə minmə tarixi - misal üçün, 15 sentyabr 2024-cü il tarixi olsun.
Əmək müqaviləsinə dəyişikliklə bağlı prosesin necə həyata keçirilməsini misalla izah edək.
Misal 1: İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə edilən dəyişikliyə əsasən, işçi yeni vəzifəyə keçirilir. Bu zaman işəgötürən cari əmək müqaviləsi üzrə dəyişiklik həyata keçirdikdə, hər iki tərəfin imzaladığı tarixdən işçinin yeni vəzifəyə keçirilməsi təsdiqlənir. İşəgötürən dəyişiklik edilmiş elektron əmək müqaviləsini imza üçün işçiyə göndərir. İşçi elektron əmək müqaviləsini elektron imza ilə imzaladıqdan sonra işəgötürən tərəfindən də eyni proses həyata keçirilir. İşəgötürən elektron əmək müqaviləsini imzaladıqdan sonra işçinin yeni vəzifəyə keçməsinin hüquqi qüvvəsi olacaq. Əks halda, işəgötürən tərəfindən işçinin yeni vəzifəyə keçirilməsinin hüquqi əsası olmayacaq.
Bəs əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən qüvvəyə minə bilərmi?
Bəzi hallarda işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə dəyişikliklərin öncəki tarixdən hüquqi qüvvəyə minməsinə ehtiyac yaranır.
Misal 2: İşəgötürən 15 noyabr 2024-cü il tarixdə qərar verir ki, 1 noyabr 2024-cü il tarixdən etibarən işçilərin əmək haqları 20 faiz artırılsın. 15 noyabr 2024-cü il tarixdə işəgötürən və işçilər arasında bağlanan əmək müqavilələrinə dəyişiklik edildiyi zaman ƏMAS-da dəyişikliyin qüvvəyə mindiyi tarix 1 noyabr 2024-cü il kimi qeyd ediləcək. Bu səbəbdən elektron əmək müqaviləsinin 15 noyabr 2024-cü il tarixdə imzalanmasına baxmayaraq, əməkhaqqının yeni artımla hesablanması 1 noyabr 2024-cü il tarixdən həyata keçirilə bilər.
Amma yuxarıdakı misalda qeyd etdiyimiz kimi, əmək müqaviləsində dəyişiklik və əlavələr imzalandığı və ya razılaşdırımış müəyyən tarixdən sonra qüvvəyə minməsinə icazə verilir. O səbəbdən də işəgötürənlərə tövsiyə edirik ki, əmək müqaviləsinə dəyişiklik tarixini öncəki tarixlǝrǝ qeyd etməsinlər. Baxmayaraq ki, ƏMAS alstistemində dəyişiklik tarixinin öncəki tarixlərdə qeyd edilməsinə hər hansı məhdudiyyət yoxdur.