Oktyabrın 13-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. İclasda İşçi Qrupun 2021-ci il üçün fəaliyyət planının icra vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.
Eləcə də bax: Vergi Xidməti: "Azərbaycandakı xarici şirkətlərlə bağlı yeni təkliflər hazırlanacaq"
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, komissiya katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev iclas iştirakçılarını gündəliklə tanış edib, fəaliyyət planı üzrə nəzərdə tutulan tədbirlər və onların əhəmiyyəti barədə danışıb.
İşçi qrupunun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev fəaliyyət planının “Biznesə başlama” və “Vergilərin ödənilməsi” sahələri üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında icra edildiyini diqqətə çatdırıb.
Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Ələkbər Məmmədov biznesə başlama üzrə fəaliyyət planında nəzərdə tutulmuş bəndlərlə bağlı məlumat təqdim edib.
Bildirilib ki, Azərbaycan bu sahədə dünyada ən yaxşı təcrübələrdən birinə malikdir. Buna baxmayaraq, sistemin aktivliyi daim nəzarətdə saxlanır, yeni mütərəqqi təcrübələrin tətbiq imkanları araşdırılır. Ötən dövrdə kommersiya hüquqi şəxslərin elektron qeydiyyat sisteminin funksional diaqnostikası aparılıb, aşkar edilən xətalar aradan qaldırılıb, müvafiq proqram təminatında dəyişikliklər edilib.
Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin əməkdaşı Telman Məmmədov vergilərin ödənilməsi üzrə fəaliyyət planının müvafiq bəndləri əsasında həyata keçirilmiş tədbirlər barədə məlumat verib, ötən dövr ərzində bu sahədə bir sıra yeniliklərin tətbiq olunduğunu, ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı olan “Vahid elektron lövhə”nin tətbiqinə başlandığını qeyd edib.
İşçi Qrupun iclasına dəvət edilmiş özəl sektor və konsaltinq şirkətlərinin nümayəndələri göstərilən məsələlərə dair öz fikirlərini bölüşüblər. İclasda hüquqi şəxslərin ləğvi prosesinin sadələşdirilməsi, elektrik avtomobillərinin satışında ƏDV problemləri, iri transmilli təşkilatların Azərbaycanda daimi nümayəndəliyin təşkili haqqında məsələlər də müzakirə olunub.
Ekspertlər “Daimi nümayəndəlik” ilə bağlı anlayışın dəqiqləşdirilməsi məsələsini qaldırıblar. Ədliyyə Nazirliyinin nümayəndəsi Leyla Bərxudarzadə Azərbaycan qanunvericiliyində distribüter və diler fəaliyyətlərinin kəskin fərqləndirilməsinə dair müddəaların olmadığını, uğurlu beynəlxalq təcrübə əsasında qeyd olunan iki anlayışı ayırd edən dəyişikliyin təqdim olunmasını təklif edib.
İclasda ölkədə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndəlikləri üzrə təhlillərin aparılması və nəticələrdən asılı olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq təkliflərin hazırlanması qərara alınıb.
Tədbirdə biznesə başlama, vergi və hesabatlılıq sahələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən kommunikasiya strategiyasının hazırlanması məsələsi də müzakirə edilib.
Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev “azranking.az” portalı haqqında məlumat verib, işçi qrupunun üzvlərini və özəl sektor nümayəndələrini bu portalın yaratdığı imkanlardan fəal istifadəyə çağırıb.