Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda daha bir sahə - ƏDV-DƏN AZAD EDİLİR - MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 6 ayı ərzində portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 651 milyon 001 min 786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222 milyon 747 min 769 cek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Qeyd edək ki, hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 66 min 339-dur. Bu ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 % çoxdur.
ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.