ƏDV məbləğinin gec ödənilməsi və ya düzgün ödənilməməsi əksər hallarda məlumatsızlıq ucbatından baş verir.
Eləcə də bax: Kartla əməliyyatlara görə geri qaytarılan - ƏDV 17,5 FAİZƏ QALDIRILIR
FED.az xəbər verir ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi Məcələsinin 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.
Misal 1: Vergi ödəyicisi 24 noyabr 2021-ci ildə ona təqdim edilən mallara görə qarşı tərəfə 23.600 manat ödəməlidir. Həmin malın dəyəri 20.000 manat olduğu üçün qarşı tərəfə 3.600 manat (20.000×18%) məbləğində ƏDV ödənilir. Əgər vergi ödəyicisi malların dəyərini – 20.000 manatı 25 noyabr tarixində, 3.600 manatı isə 26 noyabr tarixində ödəyərsə, bu halda vergi ödəyicisinə gec ödənilən ƏDV məbləğinə görə 1.800 manat (3600×50%) məbləğində maliyyə sanksiyası hesablanacaq.
Misal 2: ƏDV ödəyicisi qarşı tərəfdən ƏDV daxil olmaqla 1.180 manatlıq xidmət alır və 25 oktyabr tarixində həmin məbləği tam şəkildə vergi ödəyicisinin hesablaşma hesabına ödəyir. Bu halda vergi ödəyicisi 180 manatlıq ƏDV məbləğini qarşı tərəfin depozit hesabına ödəməsə belə, ona Vergi Məcəlləsinin 58.6-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunmayacaq. Amma ƏDV məbləği ƏDV depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi bu məbləği əvəzləşdirmək hüququna malik olmayacaq.
Misal 3: Vergi ödəyicisi qarşı tərəfdən 500 manatlıq (ƏDV-siz) mal alıb və qərar verir ki, ilkin olaraq 200 manatlıq ödənişi həyata keçirsin. O, 25 sentyabr 2020-ci il tarixdə 200 manat əsas məbləği və 36 manat (200×18%) məbləğində ƏDV-ni ödəyir. Bu halda vergi ödəyicisi ona təqdim olunan elektron qaimə-faktura üzrə 90 manat (500×18%) məbləğində ƏDV-nin müəyyən hissəsini ödəsə də, ona maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki ödədiyi malın dəyərinə mütənasib ƏDV məbləğini eyni gündə ödəyib.
Misal 4: Vergi ödəyicisinə qarşı tərəf 1000 manatlıq (ƏDV-siz) xidmət təqdim edib. Vergi ödəyicsi 1000 manatı tam ödəsə də, hesablanan 180 manatlıq ƏDV məbləğinin 120 manatını ƏDV depozit hesabına ödəyib. Vergi orqanı bu halda vergi ödəyicisinə 30 manat ((180-120)x50%) məbləğində maliyyə sanksiyası hesablayacaq.
Misal 5: Sadələşdirilmiş vergi ödəyicisi olan MMC və ya fərdi sahibkar ona təqdim edilən elektron qaimə-faktura əsasında 5.900 manat (ƏDV daxil) mal üzrə ödənişləri fərqli tarixlərdə həyata keçirib. 25 noyabr 2020-ci il tarixdə 5.000 manat, 30 noyabr 2020-ci il tarixdə isə 900 manat (5.000×18%) məbləğində ƏDV-ni qarşı tərəfə ödəyib. Bu halda vergi orqanı tərəfindən sadələşdirilmiş vergi ödəyicisinə qarşı ƏDV-nin gec ödənilməsinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək.
Çünki Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə maliyyə sanksiyası ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərə şamil olunur.
Misal 6: ƏDV ödəyicisi vergi ödəyicisi qarşı tərəfə təqdim olunacaq mallar üçün 30.000 manat məbləğində avans ödəyir, ƏDV ödənişini isə həyata keçirmir. Bu halda vergi orqanı ƏDV ödəyicisi tərəfindən ƏDV-nin ödənilməməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsini tətbiq etməyəcək: bu maddə ilə maliyyə sanksiyası avans məbləği üzrə ödənişlərə şamil olunmur.