Əcnəbilərə və vətəndaşlığı olmayanlara göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, bir sıra xarici ölkələrdə tibb xidmətləri üzrə ölkə daxilində ƏDV-dən azad olma, əcnəbi şəxslərə münasibətdə isə ƏDV-dən azad olma, sıfır dərəcə və ya diferensial dərəcə, habelə ƏDV-nin geri qaytarılması (cashback) mexanizmi tətbiq edilir.
Ölkə daxili və xarici ölkələrin təcrübələrinin araşdırılması nəticəsində tibb turizminin inkişafı və ölkəyə valyuta cəlb olunmasının stimullaşdırılması məqsədilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə ƏDV tax-free rejimin tətbiqi təklif edilir.
Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib (Apa).