Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə daha bir sahədə vergitutma mexanizmi dəqiqləşdirilib.
Ötən il kartla alınan mənzil və obyektlərə görə 31 milyon manatdan çox ƏDV geri qaytarılıb
FED.az xəbər verir ki, vergi eksperti, “Bizcon Audit” MMC-nin rəhbəri Anar Bayramov Azərbaycan Risk Peşəkarları Assosiasiyasının təşkil etdiyi seminarda bu barədə məlumat verib.
Ekspertin sözlərinə görə, 2026-cı ildən rüsumsuz ticarət mərkəzlərinə (Duty Free) təqdim olunan mallara görə ƏDV 0 dərəcə ilə hesablanacaq: “Uzun illər aktual olan rüsumsuz ticarət mərkəzlərinə malların 18% dərəcə, yoxsa 0 dərəcə ilə təqdim edilməsi mübahisə predmeti idi və vergi ödəyiciləri üçün risklər yaradırdı. Bir tərəfdən belə izah edilirdi ki, rüsumsuz ticarət mərkəzlərinə malların verilməsi onların ixracı hesab olunur. Çünki xarici və yerli vətəndaşlar ölkədən çıxanda oradan mal alırlar. Bir növ, həmin məhsullar ixrac sayılır. Bilirik ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, malların ixracı 0 dərəcə ilə ƏDV-yə cəlb olunur. Malların “Duty Free”yə təqdim olunması ilə bağlı sənədləşmədə ixrac gömrük bəyannaməsi tərtib olunurdu. Amma vergi qanunvericiliyində malların rüsumsuz ticarət mərkəzlərinə verilməsinin ƏDV-yə 0 dərəcə ilə cəlb olunması ilə bağlı normativ qayda yox idi. Artıq son dəyişikliklərdən sonra bu məqam Məcəllədə öz əksini tapıb. Rüsumsuz ticarət mərkəzlərinə satılan mallar artıq ƏDV-yə 0 dərəcə ilə cəlb olunacaq”.









