İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbər vəzifəli şəxsləri Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin rəhbərliyi ilə işgüzar görüş keçiriblər
FED.az Vergi Xidmətinə istinadən xəbər verir ki, Ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində aparılan işlərin davamı olaraq DVX-nin İnsan resursları baş idarəsi və Tədris Mərkəzinin təşəbbüsü ilə keçirilən görüşdə iki qurum arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Görüşdə DVX-nin İnsan resursları Baş idarəsinin rəisi Aytən Kərimova, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi Baş idarəsinin rəisi Elçin Bəylərov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin prorektorları iştirak ediblər.
Qonaqları salamlayan Şahin Bayramov Xankəndi şəhərində fəaliyyət göstərməyin məsuliyyətindən bəhs edib. Bildirib ki, Qarabağ Universiteti qarşıya qoyulan hədəflərə çatmaq üçün müxtəlif dövlət qurumları ilə əməkdaşlıq və tərəfdaşlıqların qurulmasını öz prioritetlərinə daxil edib.
Görüş zamanı iki qurum arasında potensial əməkdaşlıq məsələləri, birgə araşdırmaların aparılması, tələbələrin təlim və təcrübə imkanları müzakirə olunub, ikitərəfli əlaqələrin inkişafı istiqamətində işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Əməkdaşlığın koordinasiya edilməsi üçün işçi qrupun yaradılması qərara alınıb.
Daha sonra DVX-nin rəhbər vəzifəli şəxsləri müəllim - tələbə heyəti üçün ölkə iqtisadiyyatında vergilərin əhəmiyyəti, vergi mədəniyyətinin yüksəldilməsində ali təhsil müəssisələrinin rolu, DVX-nin gənclərlə iş siyasəti və tələbələr üçün yaradılmış imkanlar, istedadlı kadrların vergi orqanlarına cəlb olunması və onların peşəkar inkişafının təmin edilməsi, gender amilləri nəzərə alınmaqla inklüziv iş mühitinin yaradılması mövzularında çıxışlar ediblər. Tədbirin yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində DVX-nin nümayəndə heyəti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin kollektivi ilə də görüşüb. Görüşdə DVX-nin 2025-2028-ci illər üzrə strategiyası, qarşıda duran vəzifələr, insan resursları sahəsində siyasətlə bağlı çıxışlar edilib. Yerli vergi orqanında çalışan əməkdaşların iş şəraiti və sosial məsələləri də müzakirə mövzusu olub.