Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinin tələbləri ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərin də dividend gəlirlərinə tətbiq edilirmi?
Bu ildən mikro sahibkarlara 517 manata qədər - Vergi Güzəşti Verilir
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.
Eyni zamanda, Mülki Məcəllənin 100.1-ci maddəsinə əsasən, səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onların əldə olunması üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.
Bununla yanaşı, Azərbaycan Respublikasında investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, kütləvi təklifinin, depozitar və ticarət sonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülünün, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkilinin, idarə edilməsinin və ləğvinin prinsip və qaydalarını, investorların hüquqlarının müdafiəsi sahəsində münasibətlərin, habelə qiymətli kağızlar bazarında tənzimlənmə və nəzarətin hüquqi və iqtisadi əsasları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 1-ci maddəsinin müddəalarına əsasən, tənzimlənən bazar – fond birjasının daxili qaydalarına uyğun olaraq, ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alğı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistemdir.
Qeyd olunan Qanunun 8-ci maddəsinin müddəalarına əsasən, investisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir. İnvestisiya qiymətli kağızlarının (dövlət müəssisələri özəlləşdirilərkən yaradılan səhmdar cəmiyyətlərinin səhmləri istisna olmaqla) kütləvi təklifi fond birjası vasitəsilə həyata keçirilir.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Mülki Məcəllənin 100-cü maddəsi və “Qiymətli kağızlar bazarı haqqında” Qanun