Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən sadələşdirilmiş vergi ödəyən bir sıra sahibkarlara 2025-ci ildən yeni vergi güzəştləri tətbiq edilib.
FED.az xəbər verir ki, bu ildən etibarən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən vergidən azad edilib. Nəticədə bu şəxslər gəlir vergisini 20% əvəzinə 5%- dərəcə ilə ödəyəcəklər.
Qeyd edək ki, oxşar güzəştlər bir neçə il əvvəl də mövcud idi, amma 2024-cü ildən bu güzəşt ləğv edilmişdi. Güzəş9tlər yalnız o şəxslər üçün saxlanılmışdı ki, onların 3 işçisi olsun.
2025-ci ildən isə bu tələb ləğv edilib, yəni bir sıra sahələrdə çalışan şəxslər 3 işçi tələbi olmadan da vergini 5%-lə ödəyəcəklər.
Vergi güzəşti tətbiq edilən sahələr aşağıdakılardır:
– Proqram təminatının işlənməsi;
- layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;
– tərcümə xidmətləri;
– reklam xidmətləri;
– araşdırma və tədqiqat sahəsində fəaliyyət;
– elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
– Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
– Jurnalistlərin fəaliyyəti;
– Bazar konyukturunun öyrənilməsi;
– Qiymətləndirmə fəaliyyəti;
– Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;
– Turizm bələdçiliyi;
– İxrac xidməti.
Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad ediliib.
Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.