“Yanvarın 1-dən Vergi Məcəlləsində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də “ƏDV-ni geri al” qaydaları ilə bağlıdır. Artıq bu aydan etibarən plastik kartdan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15 deyil, 17,5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10 deyil, beş faizini geri ala biləcəklər”.
Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi - 17,5%-Ə QALDIRILIB
FED.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
İqtisadçı əlavə edib ki, işğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30 faizi geri qaytarılacaq:
“Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik genişmiqyaslı güzəştlərin tətbiqinə start verildi. Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsız ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımdan çox vacibdir.
“ƏDV-ni geri al” mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institusional olaraq nağdlı hesablaşmaların minimallaşdırılmasıdır. Bu, iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməsi baxımdan vacib idi. Ümumilikdə, bu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq”.