2025-ci ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 653 min 132 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxs, 13,1 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5, hüquqi şəxslərin sayı 7,2 faiz artıb.
Oktyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 200 min 806 vahid təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında 10 min 724 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,5 faizi yerli investisiyalı, 11,5 faizi xarici investisiyalıdır.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Kommersiya qurumlarının 85 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,3 faiz təşkil edib.