Xəbər verildiyi kimi, 2026-cı ildən etibarən Azərbaycana xaricdən gətirilən avtomobillər üçün vergi və gömrük güzəştləri ləğv edilir.
Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
FED.az xatırladır ki, bir qədər əvvəl hibrid avtomobilləri üçün güzəştlərin uzadılmayacağı elan edildi.
İki gün əvvəl isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov elektriklə işləyən avtomobillərin də gələn ildən ƏDV-yə cəlb olunacağını elan edib. Bütün bunlar 2026-cı il üzrə dövlət büdcəsi layihəsi çərçivəsində Vergi Məcəlləsi və digər qanunlara edilən dəyişikliklərdə nəzərdə tutulub.
Bu avtomobillərlə yanaşı, ənənəvi, yəni daxili yanma mühərriki ilə işləyən benzin-dizel avtomobilləri üçün də vergilər artırılıb.
Söhbət buraxılış ilindən 7 il və daha artıq vaxt keçmiş (7 ildən köhnə) avtomobillərdən gedir.
Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, ölkəyə gətirilən avtomobillərə görə aksiz vergiləri hesablanarkən, 7 ildən köhnə olan avtomobillər üçün əmsallar artırılıb.
Əvvəllər benzin və dizel avtomobilləri üçün artım əmsalları müvafiq olaraq 1,2 və 1,5 olduğu halda, indi bu rəqəm müvafiq olaraq benzin avtomobilləri üçün 1,5-ə, digəl avtomobilləri üçün isə 2-yə qaldırılıb.
Nəticədə, istehsal tarixi 7 ildən əvvəl olan maşınların aksiz vergiləri xeyli artıb. Aksiz vergiləri avtomobilin mühərrikinin həcmi əsasında hesablanığına görə, daha iri mühərriklərdə artım daha çox hiss olunur.
Belə ki, indiyədək xaricdən idxal edilən 7 ildən köhnə 2 litrlik mühərriki olan benzin avtomobilinə hesablanan aksiz vergisi 720 manat olduğu halda, 2026-cıildən bu məbləğ 900 manata yüksələcək, yəni 180 manat olacaq.
2,5 litr həcmi olan mühərriklərdə bu rəqəm 3720 manatdan 4650 manata artacaq, yəni 930 manat yüksələcək. 3 litrlik avtomobillər üçün aksiz vergisi təqribən 1700 manat, 3,5 litrlik üzrə isə təqribən 4 min manat artacaq. İri mühərrikli maşınlarda aksiz vergisinin daha sürətli artması baş verəcək. Məsələn, 5 litrlik maşınların aksiz vergisi indiki 73 min manatdan 91 min manata yüksələcək.
Eyni qaydada, yaşı 7-dən artıq olan dizel maşınlarının da aksiz vergiləri artacaq. Belə ki, 2 litrlik avtomobillər üçün aksiz vergisi 900 manatdan 1200 manata (artım 300 manat), 3 litrlik maşınlarda 8400 manatdan 11200 manata (artım 2800 manat) və sair yüksələcək.
İri mühərrikli maşınlarda aksiz vergisinin daha sürətli artımı baş verəcək – 5 litrlik dizel mühərrikli maşınların aksiz vergisi 91 min manatdan 121 min manata yüksələcək (artım 30 min manat). 5,5 litrlik maşınların aksiz vergisi isə bu məbləğ 151 min manatdan 201 min manata yüksələcək, yəni 50 min manat artacaq.












