Benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazası - reyestri yaradılacaq.
FED.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yardaılmasıyla əlaqədar normativ hüquqi əsasların formalaşdırılması üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər), nəzarət və (və ya) mülkiyyət zənciri - hüquqi şəxs və (və ya) xarici hüquqi təsisatın birinin digərini təsis etməsi, idarə etməsi, birinin digərinə nəzarət etməsi, birinin digərinin paylarına (səhmlərinə) sahib olması və (və ya) xarici hüquqi təsisatın təsis əqdinin tərəfi (xarici hüquqi təsisat təsisçisi, idarəçisi, benefisiarı (benefisiarlar qrupu), təminatçısı) və ya hüquqi şəxs və xarici hüquqi təsisat üzərində son nəticədə effektiv nəzarəti həyata keçirən digər şəxs olmasıdır.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada təqdim etməlidir. Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları özündə əks etdirən sənədləri (o cümlədən elektron sənədləri) qanunla müəyyən edilmiş qaydada saxlamalıdır.
Aşağıdakı şəxslər hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab olunacaq:
- son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) fiziki şəxs (şəxslər);
- - müəyyən edilmiş fiziki şəxs (şəxslər) mövcud olmadıqda və ya bu şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
- əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər).
Aşağıdakı şəxslər xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisi hesab olunacaq:
- trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və (və ya) mülkiyyət zənciri də daxil olmaqla);
- digər növ xarici hüquqi təsisatlarda müəyyən edilmiş şəxslərlə eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) benefisiar mülkiyyətçi barədə reyestrə daxil edilmiş məlumatları 5 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir. Maliyyə monitorinqi orqanı reyestrə daxil edilmiş benefisiar mülkiyyətçi məlumatlarının dövlət orqanlarına (qurumlarına), habelə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş öhdəlik daşıyan şəxslərə, auditor xidməti göstərən şəxslərə, qeyri-hökumət təşkilatlarına və dini qurumlara, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə sorğu verməklə, açıq mənbələrdən araşdırma aparmaqla, habelə bu qanunda nəzərdə tutulan məlumatlardan istifadə etməklə yoxlanılmasını təmin edir.. Reyestrə daxil edilmiş məlumatın doğruluğuna dair şübhələr olduqda maliyyə monitorinqi orqanı hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı məlumatlara dair təsdiqedici sənədlərin əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu verir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsdən aidiyyəti sənədlərin 5 iş günü müddətində təqdim edilməsini tələb edir və sənədlər təqdim edildiyi tarixdən etibarən 3 iş günü müddətində onları maliyyə monitorinqi orqanına təqdim edir. Maliyyə monitorinqi orqanı aparılmış təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını müəyyən edərsə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) maliyyə monitorinqi orqanı tərəfindən təqdim edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları hüquqi şəxsə təqdim edir. Hüquqi şəxs təqdim edilən məlumatla razılaşmadıqda müvafiq məlumatı aldığı tarixdən etibarən 5 iş günü müddətində özünün benefisiar mülkiyyətçisinə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (orqana) quruma, həmin orqan (qurum) isə bu sənədləri 3 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir. Maliyyə monitorinqi orqanı təqdim edilmiş əlavə təsdiqedici sənədlər əsasında apardığı təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını yenidən müəyyən edərsə, maliyyə monitorinqi orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) təqdim edilən məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir. Nəzərdə tutulmuş müddət ərzində hüquqi şəxs bəyan etdiyi benefisiar mülkiyyətçiyə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməzsə, həmin orqan (qurum) maliyyə monitorinqi orqanının təqdim etdiyi məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir. Hüquqi şəxs benefisiar mülkiyyətçi məlumatlarında dəyişiklik edilməsi barədə bildirişi aldıqdan sonra 3 iş günü müddətində benefisiar mülkiyyətçi qismində müəyyən edilmiş şəxsin bu barədə məlumatlandırılmasını təmin edir. Benefisiar mülkiyyətçi sorğu əsasında "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunla müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına verilir.
Bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər tərəfindən öz benefisiar mülkiyyətçilərinin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən xarici hüquqi şəxsin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi və bu barədə məlumat və sənədlərin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim edilməsi aşağıdakı mərhələlərlə təmin edilir:
- iri sahibkarlıq subyektləri üçün 31 dekabr 2025-ci il tarixinədək;
- orta sahibkarlıq subyektləri üçün 30 iyun 2026-cı il tarixinədək;
- kiçik sahibkarlıq subyektləri üçün 31 dekabr 2026-cı il tarixinədək;
- mikro sahibkarlıq subyektləri üçün 31 dekabr 2027-ci il tarixinədək;
- qeyri-hökumət təşkilatları və dini qurumlar üçün 30 iyun 2026-cı il tarixinədək.
Beləliklə, qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsi aşağıda göstərilən məsələlərə dair hüquqi mexanizmlərin yaradılmasını nəzərdə tutur:
- hüquqi şəxslərin dövlət qeydiyyatı mərhələsində yaradılacaq hüquqi şəxsin benefisiar mülkiyyətçisinə (mülkiyyətçilərinə) dair məlumat və sənədlərin təsisçilər tərəfindən səlahiyyətli dövlət orqanına təqdim edilməsi;
- maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçi xarici hüquqi təsisat olarsa, bu barədə məlumatların səlahiyyətli dövlət orqanına təqdim edilməsi;
- təqdim edilmiş məlumat və sənədlərin benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi;
- benefisiar mülkiyyətçilərin reyestrinə daxil edilmiş məlumatların həqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.
Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcək, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasını şərtləndirəcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişiklik təklif olunur. Beləliklə, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 403-1-ci maddəyə əsasən, hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların təqdim edilməməsinə, yəni hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına münasibətdə xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı dürüst, dəqiq və yenilənmiş məlumatların və hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən benefisiar mülkiyyətçisi barədə məlumatların qanunla müəyyən edilmiş mərhələlər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimələnəcək. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı təsdiqedici sənədlərin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda nəzərdə tutulmuş müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə olunacaq. Benefisiar mülkiyyətçinin özü barədə hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik edilməsi ilə bağlı hüquqi ŞƏXS tərəfindən məlumatlandırılmamasına görə - vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimələnəcək.