Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin toplanması ilə bağlı tədbirlərin genişləndirilməsi müşahidə edilir. Ancaq əhali arasında bu istiqamətdə məlumatlılığın təmin edilməməsi səbəbindən onlarda xeyli suallar yaranıb. Bələdiyyələr əmlak və torpaq vergisini necə hesablayırlar? Vətəndaşlar vergiləri vaxtında ödəmədikdə bələdiyyələr hansı addımları ata bilərlər? Bütün bu suallara cavab tapmaq üçün əvvəlcə bələdiyyələr tərəfindən əmlak və torpaq vergisinin hesablanmasının qanunvericilik bazasını aydınlaşdıraq.
Sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması üçün necə müraciət etməli?
Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, yerli vergilər, yəni bələdiyyə vergiləri aşağıdakılardır:
- Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda, fiziki şəxslərin torpaq vergisi;
- Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda, fiziki şəxslərin əmlak vergisi;
- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Vergi məbləğləri
FED.az xəbər verir ki, vergi mütəxəssisi, sərbəst auditor Altay Cəfərov əmlak vergisinin hesablanması və ödənilməsi qaydalarına aydınlıq gətirib.
A.Cəfərov bildirib ki, əmlak vergisinin hesablanması Vergi Məcəlləsinin 198 və 200-cü maddələri ilə tənzimlənir. Eləcə də hesablama zamanı Bakı şəhərindəki əmlaklar üçün istifadə edilən zonalar üzrə əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarına uyğun müəyyən olunur.
Vergi Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
- onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - binaların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq edilir (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):
Yaşayış məntəqələri | Fiziki şəxsin xüsusi mülkiyyətində olan |
yaşayış və qeyri-yaşayış sahələri (manatla) |
|
Bakı | 0,4 |
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu | 0,3 |
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri | 0,2 |
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) | 0,1 |
A.Cəfərov bildirib ki, vətəndaşlara Bakı şəhərində bələdiyyələr tərəfindən əmlak vergisi hesablanan zaman zonalar üzrə əlavə əmsallar tətbiq edilir: “Həmin əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarı ilə müəyyən olunub və Bakı şəhəri 12 zonaya bölünüb. Paytaxtda 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir. Ən yüksən zona birinci, ən aşağı isə 12-ci zonadır”.
Həmin Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar aşağıdakı cədvələ uyğun müəyyən edilir:
Bakı şəhəri üzrə |
|
Zonalar |
Əmsallar |
1 |
1,50 |
2 |
1,40 |
3 |
1,30 |
4 |
1,20 |
5 |
1,10 |
6 |
1,00 |
7 |
0,95 |
8 |
0,90 |
9 |
0,85 |
10 |
0,80 |
11 |
0,75 |
12 |
0,70 |
Nə qədər əmlak vergisi ödəməliyik?
A.Cəfərov bu əmsallar nəzərə alınmaqla Bakıda və digər regionlarda xüsusi mülkiyyətdə olan evlərə və mənzillərə görə əmlak vergisinin hesablanması qaydasını da açıqlayıb: “Tutaq ki, vətəndaşın Bakı şəhərində 1-ci zonada (şəhərin mərkəzində) 200 kvadratmetr mənzil sahəsi var. Həmin əmlaka görə bələdiyyəyə ödənilməli verginin məbləği belə hesablanacaq:
200 - 30 = 170 kv.metr;
170 x 0,4 = 68 manat;
68 x 1,5 = 102 manat.
Deməli, həmin mənzilə görə əmlak sahibi illik 102 manat əmlak vergisini bələdiyyəyə ödəməlidir.
Əgər vətəndaşın 200 kvadratmetr sahəsi olan mənzili Gəncə şəhərindədirsə, onun əmlak vergisinin məbləği 51 manat təşkil edəcək:
(200 - 30) x 0,3 = 51 manat.
Qəbələ şəhərində yaşayan vətəndaşa məxsus 200 kvadratmetr sahəsi olan mənzilə görə əmlak vergisinin məbləği isə 34 manat olacaq:
(200 - 30) x 0,2 = 34 manat.
Məbləğlərin fərqli olması regionlar üzrə tətbiq edilən əmsalların dəyişməsi ilə bağlıdır”. (Vergilər.az)