FED.az xəbər verir ki, mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir
Bazar mülkiyyətçiləri və icarədarlara hansı hallarda maliyyə sanksiyası tətbiq olunacaq? - MƏBLƏĞLƏR
2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində bazarlarda olan icarə obyektlərinə iki halda maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub.
Birinci hal Vergi Məcəlləsinin 58.2-1-ci maddəsi ilə tənzimlənəcək. Məcəllənin həmin maddəsində edilmiş dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda olan təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) ǝks etdirilməməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Misal 1: Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, "Sədərək" ticarət mərkəzində fəaliyyət göstərən kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisi obyektin girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) asmayıb. Bu halda, vergi orqanı Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinin tələblərinə uyğun olaraq, vergi ödəyicisinə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.
İkinci hal isə vergi orqanı tərəfindən bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə - idarəedicilərinə) tətbiq edilən maliyyə sanksiyalarını nəzərdə tutur. Vergi Məcəlləsinə əlavə olunmuş 58.15-2-ci maddəyə əsasən, bu Məcəllənin 16.1.11-15-ci maddəsinin tələblərinin pozulması baş verdiyi halda, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə - idarəedicilərinə) təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2,000 manat, ikinci dəfə aşkar edildikdə 4.000 manat, üç və daha çox dəfə aşkar edildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Qeyd edək ki, Vergi Məcəlləsinin 16.11.11-15-ci maddəsinə əsasən, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmalıdır.
Misal 2: Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edir ki, "Gəmi Mall"da fəaliyyət göstərən vergi ödəyicisi obyektini vergi orqanında qeydiyyata salmayıb. Bu zaman "Gəmi Mall"a vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.15-2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq ediləcək.
Qeyd etdiyimiz hər iki hal üzrə maliyyə sanksiyalarının tətbiqi qanun qəbul edildikdən doqquz ay sonra qüvvəyə minəcək.
Bundan başqa, Vergi Məcəlləsinin 57.3-cü maddəsində nəzərdə tutulan 1.000 manatlıq maliyyə sanksiyasının əhatə dairəsi də genişləndirilib. Maddəyə edilən əlavə nəticəsində Məcəllənin 16.1.11-17-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim olunmamasına və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Qeyd edək ki, Vergi Məcəlləsinin 16.1.11-17-ci maddəsi bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə - idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı elektron formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etməyi nəzərdə tutur.
Vergi Məcəlləsinin 57.3-cü maddəsində edilmiş dəyişiklik də qanun qəbul olunduqdan doqquz ay sonra qüvvəyə minəcək. (vergiler.az)