Müəssisə “A” şirkətindən aldığı xidmətlərə görə bu xidmətlərin dəyərinin bir hissəsini şirkətin bank hesabına, digər hissəsini isə müəssisənin istehsalı olan məhsullar ilə barter edərək ödəyərsə, bu əməliyyata görə ödənilmiş ƏDV məbləğini əvəzləşdirə bilərmi?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.
Vergi Məcəlləsinin 175.1-ci maddəsinin müddəalarına əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.
Qeyd olunanlara əsasən, malların barter edilməsi ƏDV-yə cəlb edilən əməliyyat hesab olunur və aparılan əməliyyatların müqabilində tərəflər arasında verilən elektron qaimə-fakturaları üzrə ƏDV-nin məbləğləri ƏDV-nin depozit hesabına ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.
Əsas: Vergi Məcəlləsinin 159-cu və 175-ci maddələri