"Azərbaycanın ucqar kəndlərində aqrar yönümlü müəssisələr yaradan sahibkarlara vergi güzəştlərinin olunmasını təklif edirəm".
Eləcə də bax: "Azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlara 10 il güzəşt ediləcək"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.
"Regionlarda ən böyük problem işsizlikdir. Bu problemdən yeganə çıxış yolu kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir. Ucqar kəndlərdə, ümumilikdə regionlarda fəaliyyətə yeni başlayan, istehsal və təkrar istehsalla məşğul olan sahibkarlara vergi güzəşti olmalı, infrastruktur xərcləri ilə bağlı vergi tətillərinin müddəti 3 ilə qədər uzadılmalıdır", - deyə o qeyd edib.
Komitənin digər üzvü Məşhur Məmmədov isə deyib ki, sərhədyanı rayonlarda bu il də olmasa, gələn il paket şəklində müəyyən güzəştlər tətbiq olunsun: "Xüsusilə Ermənistan və İranla sərhəddə yerləşən rayonlarımıza güzəştlərin tətbiq edilməsini təklif edirəm. İqtisadiyyatda Sumqayıt və Gəncəni çıxmaqla regionların payı elə də çox deyil. Bu gün regionlara dövlət büdcəsindən pul ayrılsa da, bir çox problemlər var".
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə bildirib ki, bu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 23,1% çox olub: "Nəzərə almalıyıq ki, regionlara bir sıra güzəştləri tətbiq edilir. O cümlədən, mikro sahibkarların gəlirinin vergiyə 75 % güzəştlə cəlb edilməsi nəzərdə tutulur. Bundan başqa, regionlarda müəssisələrin qurulması ilə bağlı idxal olunan məhsulların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır". (Report)