Azərbaycanda soya paxlasının və cecəsinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə bu sahədə dövlət dəstək mexanizmlərinin, vergi güzəştlərinin, o cümlədən bu məhsulların ƏDV-dən azad edilməsinin sahənin inkişafına, heyvandarlıq və quşçuluq təsərrüfatlarına (yem qiymətlərinə) təsiri, həmçinin sahənin gələcək inkişafı, ixrac potensialı və investisiya perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Eləcə də bax: Yem sənayesinə vergi güzəştləri fermaların işinə nə dərəcədə - TƏSİR GÖSTƏRƏCƏK?
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumda yem istehsalçıları və heyvandarlıq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov idxalın yerli istehsalla əvəzlənməsinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb. O, bildirib ki, soya məhsulundan əldə edilən ekstraktlar və yem əlavələrinin yerli istehsalının təmin olunması, eləcə də təsərrüfatlara onun satışının məhz yerli istehsalçılar tərəfindən həyata keçirilməsi həm məhsulun maya dəyəri baxımından qiymətinə, həm də məşğulluq siyasətinə müsbət təsir göstərə biləcək. N.İmanov kənd təsərrüfatı sektorunun təşviqi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə qeyd olunub ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yerli sənayenin qurulması, sənayeləşmə əsas prioritetdir. Bu baxımdan da həm məhsulun maya dəyərini təşkil edən əsas xərc elementləri olan, toxumlar, gübrələr, pestisidlər, tinglər, həmçinin bu sahədə idxal olunan avadanlıqlar, preparatlar və aktivlər, yəni həm əsas vəsait kateqoriyalı, həm də xammal kateqoriyalı xərc elementləri ƏDV-dən azad olunub. Eyni zamanda, həmin məhsulların təchizatçılar tərəfindən satışı da ölkə daxilində ƏDV-dən azaddır. Əsas məqsəd istehsaldan satışa dək olan bütün ticarət həlqələrində maya dəyərinə təsir edə biləcək vergi xərclərinin optimallaşdırılmasıdır.
Görüşdə quşçuluq təsərrüfatları və aqroparkların nümayəndələri tərəfindən bir sıra məsələlər qaldırılıb, təkliflər səsləndirilib. Dövlət – biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.