Bu il fevralın 1-nə Azərbaycanda 1 604 938 vergi ödəyicisi olub.
Ötən ay vergi daxilolmaları 2 milyard manatdan çox olub
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 5,4 % çoxdur.
Vergi ödəyicilərinin 87 %-i fiziki şəxslər, 13 %-i hüquqi şəxslər və digər təşkilatlardır. 1 il əvvələ nisbətən fiziki şəxslərin sayı 5,1 %, hüquqi şəxslərin sayı isə 7,6 % artıb.
Bu il yanvarın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə illik müqayisədə 8,3 % artaraq 191 643 vahid təşkil edib.
Təkcə yanvar ayında 1 307 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 90,1 %-i yerli investisiyalı, 9,9 %-i xarici investisiyalı olub.
Kommersiya qurumlarının 87,5 %-i elektron qaydada qeydiyyata alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,5 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 40 901 vahid təşkil edərək ötən ilin eyni dövrünə nisbətən 15,3 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,5 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.