2024-cü il yanvar ayının 1-nə Azərbaycan üzrə uçotda olan 1.515.306 vergi ödəyicisinin 1.322.461-i və ya 87,3 faizi fiziki şəxslər, 192.845-i və ya 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2022-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 8,1 faiz, hüquqi şəxslərin sayı 8,8 faiz artıb.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 176.321 təşkil edib. Kommersiya qurumlarının sayında 9,4 faiz artım qeydə alınıb.
2024-cü il yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu tarixə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34.926 vahid təşkil edib ki, bu da 2023-ci il yanvarın 1-nə nisbətən 14,1 faiz artım deməkdir.
2023-cü ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,7 faizi yerli investisiyalı, 12,3 faizi isə xarici investisiyalıdır.
2023-cü il ərzində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,5 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2.160 yerli investisiyalı MMC qeydiyyata alınıb.
2023-cü il ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci illə müqayisədə 20,2 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 18,5 faiz artıb.
2024-cü il yanvar ayının 1-nə 22.563 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2023-ci il yanvarın 1-nə nisbətən 10,9 faiz artıb.