2025-ci ilin mart ayının 1-nə Azərbaycan üzrə uçotda olan 1.611.030 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11%-ə yaxın artıb
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,8 faiz, hüquqi şəxslərin sayı isə 7,5 faiz artıb. 2025-ci ilin mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 8,2 faiz artaraq 192.945 vahid təşkil edib.
2025-ci ilin yanvar-fevral aylarında 2.632 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,6 faizi yerli investisiyalı, 10,4 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,6 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,9 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.