Azərbaycan hökuməti ölkədə fəaliyyət göstərən xarici şirkət və fiziki şəxslərə böyük vergi güzəştinə hazırlaşır.
FED.az xəbər verir ki, bu 2026-cı ilin dövlət büdcəsi zərfi çərçivəsində Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulur.
Məcəlləyə edilən dəyişikliklərə əsasən gələn ildən etibarən qeyri-rezidentlər üçün dividend vergisinin dərəcəsi indiki 14%-dən 5%ə endiriləcək.
Bununla bağlı olaraq Məcəllənin Gəlir vergisinin dərəcəsinə aid olan 101.2-ci maddəsinə dəyişiklik edilir. Bu maddəyə uyğun olaraq indiyədək dividend gəlirlərindən vergi dərəcəsi 14% idi, indi isə maddəyə yeni cümlə əlavə edilir: “Qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulur”.
Dəyişiklikdə məqsəd, xarici şirkət və şəxslərin Azərbaycanda biznes fəaliyyətini stimullaşdırmaqdır. Dividend gəlirlərindən tutulan verginin dərəcəsinin aşağı endirilməsi o deməkdir ki, Azərbaycanda işləyən xarici şirkətlərin payçıları ölkədə qazandıqları məbləğləri ölkədən çıxaranda daha az vergi ödəyəcəklər. Bu xarici şirkət və şəxsləri Azərbaycanda biznes qurmağa həvəsləndirməlidir.










