Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, aşağı və ya güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin gəliri Azərbaycanda vergiyə cəlb olunacaq.
Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinə əmlak və kapital amnistiyası - VERİLƏ BİLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu Vergi Məcəlləsində edilən dəyişikliklərdə öz həllini tapıb.
Burada əsas məqsəd rezidentlərin öz gəlirlərini aşağı və ya güzəştli vergi tutulan ölkələrə vergidən yayınmaqla transfer etməsinin qarşısını almaqdır.
Vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin özü (və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə) birbaşa və ya dolayısilə xarici müəssisədə 50%-dən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50%-dən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50%-dən çox hissəsini əldə etmək hüququna sahibdirsə, Azərbaycanda vergiyə cəlb olunması nəzərdə tutulur.
Bu tələblər həmçinin nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Vergi Məcəlləsinə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olduğu və xarici müəssisənin illik gəlirlərinin 30%-dən çox olan hissəsi Vergi Məcəlləsində nəzərdə tutulan əsas etibarilə passiv gəlirlərdən ibarət olduğu halda da keçərlidir.