Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, binalar istisna olmaqla, fərdi sahibkarların balansında olan əsas vəsaitlərə görə əmlak vergisi dövlət büdcəsinə ödənilir.
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fərdi sahibkarın xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisinin hesablanıb ödənilməsi mexanizmində hər hansı dəyişiklik yoxdur və fərdi sahibkarın mülkiyyətində olan binalara, o cümlədən qeyri-yaşayış sahəsinə görə əmlak vergisi əvvəlki qaydada bələdiyyə tərəfindən təqdim edilmiş tədiyyə bildirişi əsasında bələdiyyə büdcəsinə ödənilir.
Qeyd olunub ki, fərdi sahibkarlar balansında olan əsas vəsaitlərə (binalar istisna olmaqla) görə əmlak vergisini dövlət büdcəsinə ödəməlidir. Bu zaman fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi hesablanır.
Bununla yanaşı, sahibkar mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200 min manatdan, işçi sayı 10 nəfərdən çox olmadığı halda) Vergi Məcəlləsinə uyğun olaraq, əmlak vergisi üzrə vergi öhdəlikləri yaranmır. Belə ki, Vergi Məcəlləsinə əsasən, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər istisna olmaqla).