2024-cü il yanvar ayının 1-dən “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın tətbiqinə başlanılıb.
Bu barədə FED.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.
“İki ölkə arasında saziş 2022-ci il dekabrın 27-də imzalanıb. 2023-cü ilin avqust ayında ölkələr sənədin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurları tamamlayıb. Konvensiyanın tətbiqinə 1 yanvar 2024-cü il tarixindən başlanılıb”, - deyə məlumatda bildirilir.
2024-cü ilə qədər ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılması məsələsi SSRİ ilə Yaponiya arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya əsasında tənzimlənirdi.
Hazırda Azərbaycan 50-dən çox ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanı tətbiq edir. Eyni zamanda, bir sıra ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalanıb və bu sənədlərin qüvvəyə minmə tarixi razılaşdırılır. Hazırda bir neçə ölkə ilə analoji sənədin imzalanmasına dair danışıqlar aparılır.