Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) üzvləri Vergi Məcəlləsində dəyişikliklər edilməsi üçün təkliflərini irəli sürüb.
Eləcə də bax: ƏDV limitinin artırılması təklifini - MİLLƏT VƏKİLLƏRİ DƏ DƏSTƏKLƏYİR
FED.az xəbər verir ki, bu təkliflər Palatanın təşkil etdiyi “Vergi, gömrük və hüquq məsələləri üzrə İşçi qrup”un iclasında səsləndirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanovun iştirak etdiyi tədbirdə müzakirə mövzusu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri ilə bağlı olub. N.İmanov 2023-cü il üçün nəzərdə tutulan əsas dəyişikliklərin istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, bildirib ki, qanunvericiliyə gözlənilən dəyişikliklər ölkənin iqtisadi gündəliyi, müxtəlif dövlət proqramları və dövlət başçısının müvafiq fərman və sərəncamlarından irəli gələn məsələlərin həlli, habelə sahibkarlarla keçirilən görüşlərdə səsləndirilmiş təklif və rəylər əsasında hazırlanıb.
Görüşdə qanunvericiliyə nəzərdə tutulan dəyişikliklərin əsas konturları, iqtisadi əsasları və gözlənilən nəticələri şərh edilib, bu dəyişikliklərin ölkənin investisiya mühitinin cəlbediciliyinin artırılmasına, işğaldan azad olunmuş ərazilərimizdə işgüzar fəaliyyətin stimullaşdırılmasına, ölkədə idxalı əvəzləyəcək istehsal sahələrinin yaranmasına və inkişafına xidmət edəcəyi vurğulanıb.
Tədbir iştirakçılarının gözlənilən dəyişikliklər, habelə vergilərin ödənilməsi və hesabatlılıq sahəsində qarşılaşdıqları praktiki məsələlərlə bağlı ünvanladıqları suallar cavablandırılıb. Görüşdə səsləndirilmiş bir sıra təkliflər gələcəkdə baxılması üçün qeydə alınıb.
“AHK Azərbaycan” 160 üzv şirkəti ilə Avropanın Azərbaycandakı ən böyük iqtisadi assosiasiyalarından biridir. (Report)