Azərbaycan hökuməti 2023-cü ildən etibarən azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən biznes subyektləri üçün uzunmüddətli vergi güzəştləri paketi təqdim etməyi planlaşdırır.
Eləcə də bax: "Azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlara 10 il güzəşt ediləcək"
Milli Məclis cümə günü keçirilən plenar iclasda qeyd olunan Vergilər Məcəlləsinə güzəştlərin əks olunduğu dəyişikliklər paketini qəbul edib.
FED.az xəbər verir ki, xüsusilə, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediləcək (227.1-ci maddə).
Bundan əlavə, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilir.
İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarların (payçıların) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad edilir.
Həmçinin, bu güzətşlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iqtisadi əməliyyatlara da şamil olunur.
Bundan başqa, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellar) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5%-i həcmində ƏDV-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. (İnterfaks-Azərbaycan)