Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın "X" platformasında paylaşdığı son məlumatlara əsasən, ölkənin illik turizm gəlirləri 65,6 milyard dollarlıq zirvəyə yüksəlib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu 2026-cı ilin ilk rübünün nəticələri göstərir ki, sektor ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% artım nümayiş etdirib.
Cevdet Yılmaz vurğulayıb ki, bu rekord təkcə turist sayının artması ilə deyil, həm də adambaşına düşən xərclərin yüksəlməsi ilə bağlıdır. Buna səbəb Türkiyənin daha yüksək gəlirli turizm seqmentlərinə, yəni sağlamlıq, qastronomiya və mədəniyyət turizminə keçid olub.
Belə ki, Türkiyənin ümumi turizm gəlirlərinin təxminən 5-7 milyard dollarının məhz sağlamlıq turizmindən (estetik cərrahiyyə, stomatologiya və s.) gəldiyi təxmin edilir.
Son dövrlər İrandakı müharibə turizm sektoruna təsir etsə də, hökumət turizm sahəsinə dəstək verir. Belə ki, bölgədəki geosiyasi risklərin iqtisadiyyata mənfi təsirlərini minimuma endirmək məqsədilə hökumət yeni dəstək mexanizmlərini işə salıb. Nəticədə turizm sektoruna 60 milyard lirə (təxminən 1 milyard 328 milyon dollar) həcmində əlavə kredit və təminat imkanı yaradılıb.
Yeri gəlmişkən, Türkiyə turistlərin gəldiyi ölkələri şaxələndirmək istəyir. Ölkə artıq təkcə Rusiya və Almaniya bazarından asılı deyil. 2026-cı ilin hədəfləri arasında Çin, Yaponiya və Şimali Amerika bazarlarından gələn turistlərin sayını 20% artırmaq da var.
Hökumətin məqsədi qarşıdakı illərdə. daha dəqiqi 2028-ci ilə qədər ölkənin turizm gəlirlərinin 100 milyard dollara çatdırılmasıdır.
Türkiyənin turizm gəlirləri 65,6 milyard dollara çatıb
22:55
30 Aprel 2026















