32 illik fasilədən sonra ilk dəfə olaraq martın 21-də Türkiyə ilə Ermənistan arasında sərhəd açılıb.
FED.az xəbər verir ki, Ermənistan hökuməti Türkiyə ilə sərhəddə yerləşən «Marqara» sərhəd-buraxılış məntəqəsini müvəqqəti olaraq açmaq barədə qərar qəbul edib.
FED.az biznes və maliyyə xəbərləri portalı «Sputnik Ermənistan»a istinadən xəbər verir ki, sərhədin açılmasına səbəb kimi Ermənistanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırmasıdır.
Məlumata görə, sözügedən məntəqə martın 21-dən 31-nə qədər açıq olacaq.
Qeyd edilib ki, Ermənistan və Suriya nümayəndələri humanitar yardımın göstərilməsi məsələsini müzakirə etmək barədə razılığa gəliblər: “Sərhəd-buraxılış məntəqəsinin açılması yüklərin Suriyaya quru yolu ilə çatdırılmasına və bununla da daşınma xərclərini azaltmağa imkan verəcək”.
Qeyd edək ki, nəzarət-buraxılış məntəqəsinin açılması barədə Ermənistan hökuməti qərar verib. Qərarda bildirilir ki, Ermənistandan Suriyaya Türkiyə ərazisi ilə humanitar yardım göndərilməsi üçün “Marqara” buraxılış məntəqəsi martın 21-dən 31-dək açılacaq.
“Bu qərar Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına humanitar yardımın daha tez və daha az xərclə çatdırılmasına imkan yaradacaq” - qərarın əsaslandırılmasında qeyd olunur.
Bununla yanaşı, sərhədin açılmasına Türkiyə tərəfinin də razılıq verdiyi bildirilir. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın “Marqara” sərhəd-buraxılış məntəqəsinin açılmasına görə türkiyəli həmkarlarına təşəkkür etməsi də bunu göstərir.
İddia edilir ki, Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi bağlı qapılar arxasında çoxdan müzakirə olunurdu. Lakin bu barədə Azərbaycana hər hansı məlumat verilmirdi. Ümumiyyətlə Türkiyə tərəfi hazırda sərhədin açılması ilə bağlı bir açıqlama verməyib.