“Xidmət Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ambulator tibbi xidmət, laboratoriya xidmətləri, cərrahi tibbi xidmətlər, stasionar terapevtik və bir çox digər tibbi xidmətlər daxildir. Bununla yanaşı, orqan implantasiyası ilə bağlı əməliyyatları da Xidmətlər Zərfinə daxil etmək planlaşdırılır”.
FED.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Bayramov Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar barədə dinləmədə deyib.
Məlumatda xidmətlərlə bağlı mövcud rəqəmlər səsləndirilib və gələcəkdə nəzərdə tutulan artımlardan bəhs edilib. Qeyd edilib ki, icbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir. Layihənin əsas məqsədi tibb müəssisələrində sərbəstliyi təmin etməkdir və bu istiqamətdə müvafiq tədbirlər təşkil edilib.
O da qeyd edilib ki, icbari tibbi sığortanın tətbiqi sayəsində tibbi xidmətlər üçün regionlardan şəhərə əhalinin axını azalıb. Bu, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində olan şəraitin, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırıldığını göstərir.
Bildirilib ki, icbari tibbi sığorta üzrə göstərilən xidmətlərin növlərinin və keyfiyyətinin artırılması əhali üçün çox faydalı olacaq.