«Oracle» həmtəsisçisi Larri Ellison dünyanın ən zəngin adamı olub.
FED.az xəbər verir ki, Amerikanın «Oracle» korporasiyasının həmtəsisçisi Larri Ellison sərvətinin həcminə görə, İlon Maskı keçərək dünyanın ən varlı adamı kimi tanınıb.
Bloomberg agentliyinin məlumatına görə, bu gün Ellisonun sərvəti 101 milyard dollar artaraq 393 milyard dollara çatıb. Bundan əvvəl korporasiyanın rüblük hesabatı dərc edilib. Agentliyin hesablamalarına görə, bu, bir gündə ən böyük artımdır. 81 yaşlı Ellison həm də «Oracle»ın sədri və baş texnologiya direktorudur.
Xatırladaq ki, bu gün Nyu-York Fond Birjasında Oracle səhmlərinin qiymətləri 40,01% artaraq 338,13 dollar olub. Bu nisbət ticarətin bağlanmasına qədər davam edərsə, 1999-cu ilin göstəricisini keçəcək.
Xatırladaq ki, 16 iyun 1999-cu ildə şirkətin qiymətli kağızları 32,8% ilə 8,34 dollara çatdı. Həmin gün ticarətin sonuna səhmlər 31,09% bahalaşaraq 8,23 dollara yüksəlib. Maksimum gündəlik artım 23 dekabr 1992-ci ildə qeydə alınıb. Daha sonra şirkətin qiymətli kağızları ticarət günü üçün maksimum 44,52% artaraq 0,6914 dollara çatıb.