Prezident İlham Əliyev avqustun 7-də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində yenidən qurulan hissənin - 102 kilometrlik Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
FED.az xəbər verir ki, layihə çərçivəsində yenilən qurulacaq (yəni 4 zolağa çevriləcək) yolun ümumi uzunluğu 130 kilometrdir, onun 102 kilometri artıq hazırdır.
Tədbirdə bildirilib ki, yeni yol “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulur. Yolun bu hissəsində 67 alt keçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılıb.
Qeyd edək ki, sözügedən avtomobil yolu Azərbaycanın nəqliyyat mərkəzi kimi ciddi əhəmiyyət verdiyi İpək yolu üzərindədir.
Uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi bu yolda sürətin artmasına da imkan verəcək. Yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi ilə yanaşı, sürətin də artmasına, yəni yüklərin daha sürətli və rahat daşınmasına imkan verəcək.
Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.