Azərbaycanda torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı vaxib yenilik baş verib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətini istifadəyə verib.
Xidmətin açıqlamasında bildirilir ki, yeni xidmət Azərbaycan Prezidentinin 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində istifadəyə verilib. “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu və baxılması artıq elektron qaydada “vahid pəncərə” prinsipi əsasında həyata keçirilir.
Yenilikdən sonra torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı müraciətləri elektron şəkildə etmək mümkün olub. Belə ki, torpaqların kateqoriyasının və ya təyinatının dəyişdirilməsi ilə bağlı müraciət edən subyektlər - o cümlədən torpaq sahibləri və istifadəçisi olan sahibkarlar, vətəndaşlar, dövlət qurumları və bələdiyyələr - İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalına (https://e-services.economy.gov.az/) daxil olub “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətini seçərək və ya kateqoriya.emlak.gov.az domen ünvanına daxil olaraq müraciət edə bilərlər.
Dövlət mülkiyyətində olan torpaqlara münasibətdə aidiyyəti dövlət orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə torpaq mülkiyyətçiləri, torpaqlar uzunmüddətli istifadədə olduğu hallarda mülkiyyətçinin yazılı razılığı ilə icarəçi və ya istifadəçi olan fiziki və ya hüquqi şəxslər bu elektron xidmət vasitəsilə müraciətlərini və müraciətin əsaslandırılmasına dair sənədlərini real vaxt rejimində ƏMDX-yə göndərə bilərlər.
Müraciət edənlər Digital Login vasitəsilə elektron xidmətə daxil olmaqla müraciətlərini formalaşdırıb ASAN İmza ilə təsdiqləyərək göndərə, şəxsi kabinet üzərindən müraciətə baxılmanın gedişatını izləyə biləcəklər. Bundan başqa, müraciət edənlər müraciətə baxılmanın nəticələrinə dair bildiriş ala, həmçinin çatışmayan sənəd və məlumatları ƏMDX-nin sorğusu əsasında göndərə biləcəklər.
Təqdim edilmiş sənədlərin düzgünlüyü Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin və daşınmaz əmlakın dövlət reyestrinin baza məlumatları əsasında yoxlanılacaq.
Bundan sonra ƏMDX Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı 10 iş günü müddətində rəy verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə elektron qaydada göndərir.
Dövlət orqanlarından müsbət rəy almış müraciətlər əsasında ƏMDX-nin müvafiq qurumları tərəfindən 15 iş günü müddətində kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələrinin yerquruluşu planı (xəritəsi) hazırlanır.
Müvafiq Fərmanla təsdiq edilən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda müəyyən edilmiş müddət və prosedurlara uyğun olaraq işlər yekunlaşır və sənədlər Nazirlər Kabinetinə göndərilir.
Nazirlər Kabineti tərəfindən müsbət qərar qəbul edildiyi halda, onun surəti ƏMDX-yə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 (iki) iş günü müddətində dəyişikliklər edilir və bu barədə müraciət edən subyektə elektron xidmət vasitəsilə məlumat verilir.
Yeni elektron xidmət sahibkarların, vətəndaşların, dövlət qurumlarının və bələdiyyələrin müraciətlərinin şəffaf, çevik və effektiv şəkildə baxılmasına, prosedurların optimallaşdırılmasına və məmnunluğun artırılmasına yönəlib.
Bildiririk ki, elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçün subyektlər qanunla müəyyən edilmiş elektron imzalara malik olmalı, tələb olunan sənədlərin tamlığını və dürüstlüyünü təmin etməlidirlər", - qurumdan bildirilib.