Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzində (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib.
DİM-dən FED.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 1 saat müddətində aparılıb. Namizədlər dərhal nəticələrlə tanış ola biliblər.
İmtahanda 142 namizəd iştirak edib. Nəticələrə əsasən, 106 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb, 36 namizəd imtahandan keçə bilməyib.
İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.
İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var. İxtisas imtahanı ildə iki dəfə keçirilir.