Turizm iqtisadi fəaaliyyət sahəsi kimi böyük əhəmiyyət kəsb etməklə yanaşı bir sıra xarakterik xüsusiyyətlərə də malikdir. İnsan və ümumilikdə cəmiyyətin mənafeyinə xidmət etməklə turizm həm də makroiqtisadi səviyyədə gəlir mənbəyidir.
Turizm əlavə iş yerlərinin yaradılmasında əsas amillərdən birinə çevrilməklə yol və mehmanxana tikintisinin inkişafını sürətləndirir həmçinin bütün növ nəqliyyat vasitələrinin istehsalını stimullaşdırır, bölgələrin və ölkələrin xalq sənətkarlığının, milli mədəniyyətinin qorunub saxlanmasına töhfə verir.
Bir çox ölkələrdə turizm ÜDM-in formalaşmasında, əlavə iş yerlərinin yaradılmasında, əhalinin məşğulluğunda və xarici ticarət balansının aktivləşməsində mühüm rol oynayır. Ölkəmiz günü-gündən inkişaf edir və qlobal dünya iqtisadiyyatının bir hissəsinə çevrilməkdədir. İxracımızın əsas hissəsini neft-qaz xammalı və materialları tutsada (80-90%), son zamanlar qeyri neft məhsulları da xaricə eksport olunur. Bununla da ölkəyə valyuta daxil olur. Lakin bu məhsulların xarici bazarlarda rəqabət aparması üçün istehsal prosesindəki xammalın 90% yerli olması zəruridir. Əks halda manatın zəifləməsi qiymətlərdə kəskin fərqlər yaradacaq ki, bu da rəqabət mühitinə mənfi təsir göstərəcəkdir.
Ölkəyə valyuta axınının daha bir alternativi turizm sektorudur ki, ölkəmizdə bunun üçün potensial və resurslar vardır. Azərbaycanda da turizmin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində bir çox işlər görülmüş və hazırda da görülməkdədir.
Lakin məsələyə kompleks yanaşdıqda görsənir ki, əsas infrastruktur iri şəhərlərdə təşkil olunmuşdur.
FED.az xəbər verir ki,"Amazon Travel Club" şirkətinin Təsisçisi və direktoru Seymur Allahverdiyev bildirdi ki, ümumiyyətlə biz turizm strategiyamızı formalaşdırarkən hansı ölkələrdən gələcək turistlərə fokuslanmağımızı təyin etməliyik.
“Əgər bu axın körfəz ölkələrinin payına formalaşacaqsa, o zaman təbiət və rekreativ turizm inkişaf edəcəkdir. Burada da xüsusən regionların rolu daha önəmli olacaqdır.
Əgər biz avropa, amerika və uzaq asiya ölkələrinə fokuslanarıqsa bu halda daha çox iş görülməlidir. Bizə də məhz bu ölkələrdən gələn turistlər lazımdır. Çünki bu halda iqtisadiyyatın bir çox sahəsi inkişaf edəcəkdir.Avropalı turist üçün meşə və şəlalə o qədər də maraqlı deyil. Onları daha çox tarixi məkanlar, qoruqlar, teatr və muzeylər maraqlandırır.Ölkəmizdə hələ bizim belə tanımadığımız çoxlu abidələr, tarixi məskənlər vardır. Bundan əlavə biz maraqlı yerlərə turist cəlb etmək üçün əfsanələrin daha dolğun çatdırılmasına çalışmalıyıq. Məsələn azıx mağarası və ya qız qalası”.
Seymur Allahverdiyev qeyd etdi ki, ölkəmizdə turizmin ləng getməsi və ya turistlərin marağının az olması bir çox faktorlardan asılıdır:
"1. Bütün görməli yerlər, qoruqlar açılmalı, qadağalar götürülməlidir,
2. Avtomobil yolları salınmalı və infrastrukr yenidən düzəldilməlidir,
3. Regionlarda iaşə obyektləri, otel və restoranlar və s. yaradılması üçün vergi və digər rüsumlar bir müddət ləğv olunmalıdır,
4. İri turoperatorların ölkəmizə cəlb olunmasını təmin etmək,
5. Low Coster hava yolu şirkətlərinin müntəzəm reyslərini açmaq,
6. Xidmət səviyyəsini artırmaq (xüsusən regionlarda) və sezon üzrə endirimləri qaydasına salmaq,
7. Yol göstərici və ictimai iaşə və muzeylərdə və s., ingilis dilində də yazılar yazmaq,
8. Xüsusi avtobus turları və yol xəritəsi hazırlamaq,
9. İri şəhərlərdə avtomobil sıxlığını həll etmək, parkovka yerləri açmaq,
10. Yaxta turlarını inkişaf etdirmək.
Göründüyü kimi siyahını uzatmaq da olar”.
"Amazon Travel Club" şirkətinin direktoru hər bir bəndin qısa izahını da verdi:
“Bildiyiniz kimi ölkəmizdə çox gözəl qoruqlar, göllər meşələr var ki, bunlara girişlər ya tam bağlıdır ya da məhdud sayda giriş icazəsi vardır. Bu yerlərə giriş imkanı yaratmaqla turistlər və yerli əhalidə maraq oyada, bununlada ora gedən yolların təmirində, ətrafda yerləşən iaşə obyektlərinin inkişafında rol oynamış olarıq. Üstəlik ölkəmizin də tanınmasında mühüm rol oynayacaqdır ki, bu da bizə pulsuz reklam qazandıracaqdır.
Məsələn Bakı-Quba yolu uzun illərdir ki, çox pis vəziyyətdədir. Şimal bölgəsinə turlar təşkil edərkən avtomobillərin sıradan çıxmaması üçün transport şirkətləri əlavə ödəniş tələb edirlər. Yerli əhali də bu səbəbdən o zonaya səfər etmək əvəzinə digər yerlərə gedir. Yol normal olmazsa, orada tikilən möhtəşəm otellər, restoranlar və s. heç bir əhəmiyyəti olmayacaqdır.
Bir çox sahibkarlar vergi, rüsum, yoxlamalar və süründürməçilik səbəindən Gürcüstan, Türkiyə, Monteneqro və s. ölkələrə yatırımlar edir, turizmin inkişafında qatqıda bulunurlar. Halbu ki, həmən sahibkarla şərait yaradılsa ölkədən valyuta çıxmaz və infrastruktur ölkəmizdə inkişaf edər.
Dünyada bir çox iri turoperatorlar vardır ki, onlar ölkələr üzrə turpaketlərin təşkil olunmasında güvənilir və professional işlər görürlər. Azərbaycana gələn avropalı turistlər əsasən Qafqaz turu alaraq 3 ölkədən biri kimi 2 günlük ölkəmizə səfərlər edirlər. Lakin bizim ölkənin ərazisi, müxtəlifliyi, dənizi və s., ona imkan verir ki, turistin burada ən azı 4-5 gün qalmağına imkanı olsun.
Ölkəmizdə hava daşınmasında yalnız bir şirkət çıxış edir. Bu da dövlət şirkəti olan AZAL və onun törəmə şirkəti olan BUTA Low Coster (aşağı büdcəli) şirkətidir. Bu səbəbdən hava daşınmasında rəqabət mühüti formalaşmamışdır. Ölkədə mövcud olan hava limanları da hamısı AZAL-a bağlıdır ki, bu da digər xarici avia şirkətlərin hava limanından istifadə etməsində maraq yaratmır. Çünki vergilər çox bahadır. Yüksək vergilərin biletin qiymətinə əlavə edilməsi aşağı büdcəli Low Coster şirkətlərin konsepsiyasına uyğun gəlmədiyindən ölkəmizdə çox az şirkətlər fəaliyyət göstərir ki, (Wizz air, Pegasus) onlarda bir istiqamət üzrə fəaliyyət göstərirlər.
Turizm xidmət sektoru olduğu üçün burada birinci növbədə xidmətə üstünlük verilməlidir.Xidmət isə Otel və ya restorandan deyil də, ilk öncə hava limanından başlamalıdır. Turistin hava limanında qəbul olunması və şəhərə gəlib çıxmasına qədər müddətdə baş vermiş xidmət artıq onda ölkə haqqında ilkin fikir formalaşdırır. Bundan əlavə xidmət sektorunda çalışan əməkdaşlar qonşu Türkiyədə, avropada treyninqlər keçməli, oradan ölkəmizə mütəxəssislər gələrək praktiki treyninqlər keçməlidirlər. Xüsusən də regionlarda bu sarıdan problemlər çoxdur.
Bir turizm ölkəsi kimi inkişaf etmək istəyiriksə, ölkəyə gələn turistin burada azmaması və rahat hərəkət etməsi üçün ictimai nəqliyyatda, muzeylərdə, iaşə obyektlərində, yol göstəricilərində ingilis dilində də yazılar olmalıdır. Turistlər bələdçi olmadan da rahat şəhəri gəzməli, muzeylərə və ictimai iaşə obyektlərinə getməlidir.
Biz bununla bağlı müştərilərimizə özümüzün hazırladığımız broşurları təqdim edirik. Ölkəyə gəlməmişdən qabaq turist artıq bilir ki, harada necə və hansı qiymətə dincələ bilər”. (Marja)