2023-cü ildə Qəbələ hotelləri 34 milyon 656 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisədə 6 milyon 43,1 min manat və ya 21,1% çoxdur.
Gəlirlərin 16 milyon 468,1 min manatı nömrələrinin satışından, 9 milyon 768,8 min manatı iaşə xidmətlərindən, 6 milyon 433,6 min manatı müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 2,5 min manatı ekskursiya xidmətlərindən, 67,2 min manatı konfrans zallarının təqdim edilməsi xidmətlərindən. 1 milyon 916,3 min manatı isə digər xidmətlərdən əldə edilib.
Lakin hotellərin çəkdiyi xərclər 32 milyon 268 min təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 154 min manat və ya (28,5%) çoxdur.
Xərclərin 3 milyon 302,3 min manatı içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclərin, 2 milyon 21 min manatı bütün növ yanacaq və enerji xərclərinin, 146,4 min manatı suyun alınmasına çəkilən xərclərin, 8 milyon 90,8 min manatı əmək haqqı xərclərinin, 2 milyon 238,8 min manatı icarə ödəmələrinin, 390 min manatı əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər, 306 min manatı isə reklam xərclərinin, 2 milyon 622,4 min manatı büdcəyə ödənilən vergilərin, 13 milyon 150,3 min manatı isə digər xərclərin payına düşüb.
Gəlirlərin xərclərdən çox olması nəticəsində Qəbələ hotelləri 2 milyon 388 min manat mənfəət əldə edib. Lakin 2022-ci ildə 3 milyon 499,8 min manatlıq mənfəət əldə edilmişdi. Son bir ildə 1 milyon 111 manat və ya 31,8% azalma baş verib.
Ümumən rayonun hotellərinin işçi sayı 974 nəfər olub ki, işçi sayı son bir il ərzində 18 nəfər (1,8%) azalıb.
Rayonun hotellərinə yerləşdirilmiş şəxslərin sayı 2023-cü ildə 79 min 823 nəfər olub ki, onların da 37 min 753 nəfəri Azərbaycan vətəndaşları, 42 min 70 nəfər isə xarici vətəndaşlar olub. Əvvəlki illə müqayisədə ümumi yerləşdirilmiş şəxslərin sayı 18 min 905 nəfər (19,1%), Azərbaycan vətəndaşlarının sayı 9 min 661 nəfər (20,4%), xarici vətəndaşların sayı isə 9 min 244 nəfər (18%) azalıb.
Ümumi gecələmələrin sayı 136 min 12 olub ki, bu da 2022-ci illə müqayisədə 35 min 986 gecələmə (20,9%) azdır.
Gecələmələrin 60 min 963-ü Azərbaycan, 75 min 49-u isə xarici vətəndaşların payına düşüb. Bu göstərici də son bir ilə müqayisədə müvafiq olaraq 10 min 886 (15,2%) və 25 min 55 (25%) azdır.
Qeyd edək ki, ötən il rayonda 18 mehmanxana və mehmanxana tipli müəssisə, 21 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərib. Nömrələrin sayı 1079, yerlərin sayı (birdəfəlik tutum) isə 2 611 ədəd olub.
2022-ci ildə isə 19 mehmanxana və mehmanxana tipli müəssisə, 23 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərib. Nömrələrin sayı 1 157, yerlərin sayı (birdəfəlik tutum) isə 2 725 ədəd olub.