Azərbaycanın turizm sektoru koronavirus pandemiyasından sonra özünə gəlməyə başlayıb.
Azərbaycanın 30 rayonunda hotellərin 90%-dən çoxu boş qalıb.
FED.az xəbər verir ki, ölkəyə gələn turistlərin sayı artmaqda, hotellərin gəlirləri yüksəlməkdədir.
Amma pandemiyadan əvvəlki dövrdə olan bəzi problemlər hələ də qalmaqdadır.
Bunlardan biri hotel sahibləri ilə onların icarəçiləri arasındası mübahisələrdir.
DAİR Hotellər və Restoranlar Assosiasyasının idarə heyətinin sədri Samir Dübəndi FED.az-a bildirib ki, artıq uzun illərdir ki, Azərbaycanda həm otelçilik, həm də restoran biznesi icarə əsasında fəaliyyət göstərir. Yəni əmlak sahibləri hansısa oteli inşa edir və restoran qururlar, və ya onları icarəyə verirlər: «İcarə müqavilələrinin bir çoxuna problem yaranarkən, tərəflər arasında mübahisələr çıxarkən – bu barədə Assosiasiya olaraq bizə də dəfələrlə müraciətlər olub – görürük ki, əsas səbəb icarə müqavilələrinin düzgün tərtib olunmaması ilə bağlıdır. İcarə müqavilələri çox zəif bağlanılır, şərtlər çox zəif tərtib olunur. Nəticədə yaranan boşluqlar sonradan problemə çevrilir».
Bu problemlərdən biri obyekt sahiblərinin otel idarəçilərinin işinə müdaxiləsi və müqaviləni vaxtından əvvəl ləğv edərək obyektin idaçiliyini ələ keçirmək istəyidir:
«Məsələn, biz müşahidə edirik. Bir çox hallarda otel və ya restoran icarəyə verilir, onu icarəyə götürən tərəf – idarəçi - uzun müddət burada çalışır, buraya zəhmət və vaxt sərf edir, onun gəlirlə işləməsi üçün çalışır, iş yerləri açır və sair. Bu dövrdə otelin və ya restoranın sahibi, yəni onu icarəyə verən tərəf, kənardan obyektin işini müşahidə edir, icarəçinin işi necə qurduğunu üzləyir, öyrənməyə çalışır».
Otel gəlirlə işləməyə başlayandan sonra onun sahibi qərara gəlir ki, bu işi onun özü də bacara bilər, yəni oteli idarə edə bilər: «Nəticədə otel sahibi icarəçini hansısa yollarla oradan çıxarmağa çalışır. Bu zaman obyekt sahibləri qanuni və ya qununsuz olaraq müxtəlif əməllərə əl atırlar.
Burada icarəçinin yalnız bir yolu var ki, ya polisə, ya da məhkəməyə müraciət etsin. Məhkəmə isə bildiyiniz kimi, böyük xərclər və vaxt itkisidir. Məhkəmənin bu mübahisəyə nə vaxt baxması böyük vaxt aparır. Ümumiyyətlə, bu mübahisə məhkəmədə uzunmüddətli prosesə çevrilir və tərəflərin böyük resurslarını və vaxtını alır».
Assosiasiya rəhbəri bildirib ki, belə vəziyyətdə mediasiyadan istifadə etməklə, tərəflərin maraqlarını uzlaşdıraraq ortaq yol, problemin həllini tapmaq daha səmərəli üsuldur.
«Hazırda bizdə mediasiya inkişaf dövrünü yaşayır və dövlət tərəfindən də dəstəklənir. Biz də istəyirik ki, özəl sektor və kommersiya qurumları da mediasiyaya diqqəti artırsınlar və onun imkanlarından istifadə etsinlər».
Turizm sahəsindəki mübahisələrin həllində mübahsələrin qarşısının alınması üçün biz təklif edirik ki, birincisi icarə müqavilələri düzgün tərtib edilməlidir - orada tərəflərin hüquq və vəzifələri dəqiq, tam göstərilməlidir. Digər tərəfdən, müqavilələrdə mübahiələrin əvvəlcə mediasiya yolu ilə həlli kimi şərtlər daxil edilməlidir ki, bu mübahisələrin həllinə tərəflərin böyük vaxtı və xərci sərf edilməsin.
Samir Dübəndi FED.az-a bildirib ki, turizm sektorunda mübahisələrin daha bir mövzusu işçilər və işəgötürənlərlə bağlıdır: «Məsələn, işçi işdən azad edilir, və bildirir ki, otel və ya restoran onun maaşını verməyib. Qarşı tərəf isə bildirir ki, işəi hələ sınaq müddətində idi, sınaq müddətini keçməydiyinə görə işdən azad edilib və sair. Burada da mübahisənin son nəticədə məhkəməyə gedib çıxmaması üçün mediasiya yolu ilə həll edilməsi daha səmərəlidir».
Turizm sektorunda daha bir mübahisə mövzusu turistlər və turizm agentlikləri arasındadır: «Buraya turagentlər və turistlər, hotellər və turistlər, turistlər və bələdçilər arasında, eləcə də rent-a-car xidmətləri ilə bağlı mübahisələr aiddir».
S.Dübəndinin sözlərinə görə, bu mübahisələrin də həlli üçün mediasiya üsulundan istifadə edilməlidir.
Bütün bu problemlərin həlli məqsədilə DAİR Hotellər və Restoranlar Assosiasyası və Azərbaycan Mediasiya Şurası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. DAİR İdarə Heyətinin sədri Samir Dübəndi və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun imzaladığı memoranduma əsasən imzalayıblar. Tərəflər görüş zamanı birgə əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın hər iki qurumun gələcək fəaliyyətində perspektiv yaradacağına ümid etdiklərini qeyd ediblər.
Xatırladaq ki, Azərbaycanda «Mediasiya haqqında» qanun 2019-cu ildə qəbul edilib və bu qanuna görə, tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Buraya fərdi və kollektiv əmək mübahisələri də aiddir.
Assosiasiyanın ekspertlərinin fikrincə müasir dövrdə turizm və qonaaqpərvərlik sənayesində hər hansı mülki, əmək və kommersiya münasibətlərində yaranan mübahisələrin tərəflər üçün ən faydalı həlli yolu mediativ üsullardan istifadə edilməsidir.
«Mediasiya dünyada geniş yayılmış hüquq institutudur və mübahisənin məhkəmədən kənar mediativ üsullardan istifadə edərək tərəflərin maraqlarını uzlaşdıraraq həll edilməsinə imkan yaradır.
Assosiasiya turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrə və fərdi sahibkarlara əmək, mülki və kommersiya münasibətlərinə aid olan müqavilələrində mübahisələrin həllinə aid maddələrdə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmələrini qeyd-şərt kimi göstərmələrini tövsiyyə edir»-deyə DAİR-in açıqlamasında bildirilir.
Xatırladaq ki, Assosiasiya turizm və qonaqpərvərlik sənayesi oyunçularına hüquqi və digər peşəkar dəstək göstərir. Assosiasiya 2009-cu ildən fəaliyyət göstərərək turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin inkişafına xüsusi töhvə verir.